Azərbaycan-Avropa İttifaqı münasibətləri yeni mərhələyə keçir: Bakının şərtləri – TƏHLİL

Avropa İttifaqı Bakı ilə münasibətləri postmüharibə dövrünün ruhuna və tempinə uyğun şəkildə qurmaqda maraqlıdır.

Avropa İttifaqı əlaqələrin möhkəmlənməsi üçün mövqeyini Azərbaycanın maraqları ilə uzlaşdırmaq zərurətini dərk edir. Bunun bir neçə səbəbi var:

Birincisi, Zəngəzur dəhlizi Avropa üçün də unikal iqtisadi imkanlar təqdim edir. Çünki Zəngəzur dəhlizi Avropa İttifaqının əsas ticarət partnyoru olan Çinlə iqtisadi əlaqələrin optimallaşdırılması üçün orta dəhliz əhəmiyyətinə malikdir.  

Azərbaycan həm də Xəzər dənizi ilə Qara dəniz arasında əlaqələrin inkişafında böyük önəm kəsb etdiyindən Avropa İttifaqı bu coğrafiyadakı nəqliyyat-tranzit infrastrukturunu yüksək qiymətləndirir, ticarət marşrutlarının diversifikasiyanı nəzərdən keçirir.

İkincisi, Qarabağda yenidənqurma və bərpa işləri Avropa İttifaqı üçün yeni coğrafiyada əlverişli sərmayə imkanları təqdim edir.

Üçüncüsü, Azərbaycanla Avropa İttifaqı arasında Tərəfdaşlıq Prioritetləri haqqında yekun razılaşmanın imzalanması gözlənilir, detallar açıqlanmasa da, bu, tərəflər arasında əlaqələrin bütün sferalar üzrə şaxələnməsinə gətirib çıxaran sənəddir.

Dördüncüsü, Avropa İttifaqı Azərbaycan təbii qazı Avropa bazarlarına girib və bu, Avropa üçün yeni iqtisadi fürsətlər təqdim edir.

Avropa İttifaqı Bakı ilə münasibətlərin xarakterini dayanıqlı etmək üçün ideyaların praktiki əhəmiyyətinə və icrasına diqqət yetirir. Bunun üçün bəzi detallar isə razılaşdırılmalıdır.

Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyinin Cənubi Qafqaz turnesi çərçivəsində iyulun 8-də Azərbaycana səfəri də həmin detalların dəqiqləşdirilməsi baxımından diqqət çəkir. Yuxarıda sadaladıqlarımız məsələlərin keçirilən görüşlərdə təfərrüatı ilə müzakirə edilməsi şübhəsizdir.

Bu səfər Brüssel-Bakı münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinin göstəricisidir, lakin Bakının da şərtləri var:

– Avropa İttifaqı postmüharibə periodunda konstruktiv mövqe nümayiş etdirməli və regionda sülhə, təhlükəsizliyə töhfəsini əsirgəməməlidir,

– Avropa təsisatlarının Azərbaycana qərəzli münasibətlərinə son qoyulmalıdır,

– Ermənistana münasibətdə düzgün siyasət yürüdülməli və revanşizmə rəvac verən istənilən diplomatik bəyanatlar aradan qaldırılmalıdır.

Oliver Varhelyinin Bakıya səfəri zamanı keçirdiyi görüşlərdə qırmızı xətt kimi keçən fikir budur:  

Avropa İttifaqı sülhə töhfə verməyə və Qarabağdakı yenidənqurma işlərində iştiraka hazırdır.

Nəticə:

– Avropa İttifaqı Azərbaycanla əlaqələri inkişaf etdirmək əzmini nümayiş etdirir və Azərbaycanın regionda oynadığı böyük rolu yüksək qiymətləndirir,

– Avropa İttifaqı Azərbaycanla əməkdaşlıq əlaqələrini güclü tərəfdaşlıq səviyyəsinə qaldırmaq niyyətindədir.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir