Azərbaycan ICAO-nu Ermənistanın təcavüzü ilə bağlı uçuşların təhlükəsizliyini təmin etməyə çağırdı

Azərbaycan Respublikası Beynəlxalq Mülki Aviasiya Təşkilatını (ICAO) Ermənistanın artan təcavüzü ilə bağlı ölkənin hava məkanında uçuşların təhlükəsizliyini təmin etməyə çağırdı.

Bu barədə Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif  Məmmədovun ICAO Şurasının prezidenti cənab Salvatore Şakkitanoya və ICAO-nun baş katibi  doktor Fan Lyuya ünvanladığı  məktubda deyilir. Həmin məktubda Arif Məmmədov uçuşların təhlükəsizliyinin təmin edilməsi probleminə göstərdikləri diqqətə görə onlara səmimi təşəkkürünü və ehtiramını bildirir.

Məktubda deyilir ki, ICAO, Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış təşkilatı olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünə münasibətini aydın şəkildə bildirmiş, BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının qətnamələrinə sadiq qaldığını təsdiq edərək Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini vurğulayın (ICAO-nun  EUR/NAT 19-0505.TEC (NAE/CUP) nömrəli 15 noyabr 2019-cu il tarixli məktubu).

Eyni zamanda, həmin məktubda beynəlxalq hava nəqliyyatının bərpası və davam edən böhran şəraitində mülki aviasiya uçuşlarının təhlükəsizliyinin lazımi şəkildə təmin edilməsi üçün ICAO-nun qəbul etdiyi ardıcıl qərarlar da xüsusilə qeyd olunub.

Məktubda bildirilir: “Azərbaycan Respublikası, təşkilatın qarşısında duran məsələlərin mühümlüyünü dərk edərək, uçuşların təhlükəsizliyinin təmin edilməsi kimi əsas mövzudan kənar olan məsələləri qaldırmaq üçün ICAO-ya üzvlüyündən istifadə etmir. Lakin regionumuzda baş verən son hadisələri nəzərə alaraq,  uçuşların təhlükəsizliyi ilə bağlı çox vacib məsələ üzrə müraciət etmək istərdik.

Ermənistan Respublikasının Silahlı Qüvvələri son bir neçə gün ərzində orta və uzaq təsir radiuslu raketlərdən istifadə etməklə Azərbaycan Respublikası ərazisində yerləşən mülki obyektləri intensiv atəşə tutur. Bu hərəkətlər Azərbaycanın hava məkanından keçməklə beynəlxalq uçuşlar həyata keçirən mülki hava gəmiləri üçün ciddi təhlükə yaradır. Bundan əlavə, Ermənistanın  silahlı qüvvələri tərəfindən hava hədəflərini məhv etmə vasitələrinin istifadəsi ağır nəticələrə səbəb ola bilər və 2014-cü ildə Donetsk (Ukrayna) üzərində vurulan mülki təyyarənin ssenarisi təkrarlana bilər.

Azərbaycan Respublikasının aeronaviqasiya xidmətləri təminatçısı “Azəraeronaviqasiya” (AZANS) Azərbaycanın Uçuş Məlumatı Bölgəsində (UMB) uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirləri görüb və görməyə davam edir. Operativ vəziyyət AZANS-ın tam nəzarəti altındadır və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi sektoru ilə sıx əməkdaşlıq şəraitində vəziyyətin ümumi qiymətləndirilməsi dəqiqliklə həyata keçirilir.

Agentliyimiz, EUROCONTROL təşkilatı və qonşu dövlətlər arasında ələqələndirmə tədbirləri görülərək, Ermənistan Respublikasının təcavüzü və beynəlxalq normaların pozulması ilə bağlı risklərin qarşısının alınması, habelə  Azərbaycan Respublikasının hava məkanında təyyarələrin təhlükəsiz aeronaviqasiyasının təmin edilməsi və risk zonalarından kənarlaşma məqsədilə  müvafiq NOTAM-lar dərc edilib. 

Biz Ermənistan tərəfinin hüquqazidd hərəkətləri ilə bağlı ciddi narahatlıq hissi keçiririk və ICAO-nu mülki aviasiya sahəsində beynəlxalq qayda və normaların təmin edilməsinə öz töhfəsini verməyə və Ermənistanın mülki obyektlərə və hava gəmilərinə qarşı hüquqazidd hərəkətlərinin qarşısını almağa çağırırıq. Biz ümidvarıq ki, dünyanın ən nüfuzlu mülki aviasiya təşkilatı olan ICAO zamin duraraq Ermənistan Respublikası tərəfindən 1944-cü il tarixli Çikaqo Konvensiyasının müddəalarına əməl edilməsini təmin edə biləcək. Öz növbəsində, Azərbaycan hava məkanının istifadəçilərinə Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatları Məcmuəsində dərc olunmuş AZANS-ın tövsiyələrini və xəbərdarlıqlarını izləmək,  hava hərəkətinin idarə edilməsi üzrə dispetçerlərin göstərişlərinə riayət emək, uçuş planlarını əvvəlcədən göndərmək və nəzərdə tutulmuş uçuş trayektoriyasından mümkün kənara çıxmalara hazır olmaq ciddi tövsiyə olunub.

Biz bir daha təsdiq edirik ki, Azərbaycan Respublikası ICAO-nun standartlarına və tövsiyə olunan təcrübəsinə sadiqdir, qüvvədə olan aeronaviqasiya qaydalarına uyğun olaraq öz ölkəsinin hava məkanında uçuşların təhlükəsizliyini təmin edir və ümid edir  ki, ICAO Ermənistan Respublikası tərəfindən də eyni mövqeyə əməl olunmasını tələb edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir