“Azərbaycan milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir” – RƏY

“44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq müstəvidə mövqeləri əhəmiyyətli dərəcədə güclənib. Bu baxımdan ölkəmizin Avropa İttifaqı (Aİ) ilə münasibətləri də yüksələn xətlə inkişaf edir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən qarşılıqlı əlaqələrin inkişafından məmnunluq ifadə olunub”.

Bu fikirləri “Ria24.az”a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etməklə Azərbaycanın Cənubi Qafqazda geosiyasi mənzərəni kökündən dəyişməsi bütün qlobal güclərin regiona istiqamətlənmiş siyasətinə düzəlişlər edilməsi zərurətini ortaya qoydu. Bu baxımdan, Avropa İttifaqı ilə də münasibətlər yeni mərhələyə qədəm qoyub. Millət vəkilinin sözlərinə görə, Azərbaycanla Avropa İttifaqı arasında çoxşaxəli əlaqələr mövcuddur və bu əlaqələr davamlı olaraq inkişaf edir:

“Hazırda yeni əməkdaşlıq platformasında Avropa İttifaqının münaqişədən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminatına töhfə vermək niyyətində olması vacib yer tutur. Biz iqtisadiyyat, innovasiyalar, ticarət, enerji, investisiyalar, infrastruktur və əməkdaşlıq kimi mühüm sahələrdə fəal əməkdaşlıq edirik. Biz Avropa İttifaqının Cənubi Qafqazda sülhün və əməkdaşlığın təmin olunması üçün təşəbbüslər göstərdiyinin şahidi oluruq. Bu, o deməkdir ki, Avropa İttifaqı Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasında maraqlıdır və bu yöndə töhfələrini verməyə hazırdır. Ötən ilin dekabr ayında ayında cənab Prezidentin Brüsselə səfəri zamanı önəmli görüşlər oldu. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın baş naziri ilə görüş keçirildi. Görüşdə regionda kommunikasiyaların bərpası, sərhədlərin delimitasiyası və demarkasiyası və digər məsələlərlə bağlı geniş müzakirələr aparıldı. Bu il fevralın 4-də isə Avropa İttifaqının sədri qismində Fransanın Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə videokonfrans formatında görüş baş tutdu. Regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması üçün Avropa İttifaqının göstərdiyi bu təşəbbüslər çox faydalıdır”.

F.Yıldırım qeyd edib ki, Azərbaycan əldə edilən razılaşmalara sadiqdir:

“Amma Ermənistan da razılaşmalara əməl etməli, vəziyyəti gərginləşdirməyə yönəlik addımlar atmamalıdır. Aİ-nin xüsusi nümayəndəsini qəbul edərkən dövlət başçısı da vurğulayıb ki, keçirilən görüşlərin nəticəsi olaraq itkin düşmüş şəxslərin taleyinin və onların basdırıldığı kütləvi məzarlıqların müəyyən edilməsi məsələsində Ermənistan tərəfi konstruktiv formada davranmalıdır. Eyni zamanda, Avropa İttifaqının işğaldan azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi işinə töhfə vermək istəyi, o cümlədən ölkəmizə 2 milyard avro güzəştli kredit ayırması da təşkilatın bölgəmizlə bağlı təşəbbüslərinin əhəmiyyətli olduğunu təsdiqləyir”.

Deputatın sözlərinə görə, Azərbaycan milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir:

“Bu gün Azərbaycanla qarşılıqlı-faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə malik olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir. Fikrimcə, Avropa İttifaqı Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında da fəal iştirak edə bilər. Düşünürəm ki, bölgədəki yeni reallıqlar Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin inkişafında öz əksini tapır və ölkəmizin Avropa İttifaqı üçün önəmi daha da artır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.