Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarındakı iki məqam – ŞƏRH

Ermənistan 10 noyabr bəyanatının (əsasən da 4-cü bəndin) üzərinə qoyduğu öhdəliklərin icrasından boyun qaçırmaq üçün dəridən-qabıqdan çıxır.

Hazırda Ermənistanda Nikol Paşinyan hökuməti ağılla işğalçılıq ehtirasından irəli gələn revanşist hisslər arasında seçim edə bilmir, strateji nəticə əldə etmək üçün əqlə müraciət edilsə də, gen yaddaşı fərqli davranış sərgilənməsinə gətirib çıxarır.

Ermənistanın indiki siyasətinin mayasında bu dayanır: Alınarsa, öhdəlikdən boyum qaçırım, alınmasa da, şərtləri qəbul edim.

Son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiriyildiyi Azərbaycanın bəzi ərazilərindəki erməni təxribatlarının xeyir-duası da Ermənistandan gəlir. Daha doğrusu, həm Rusiyadan, həm də Ermənistandan. Yoxsa Rusiya Müdafiə Nazirliyi Ukraynaya göndərilən humanitar yardım kontekstində “Dağlıq Qarabağ” ifadəsinə niyə müraciət edirdi?

Görünür ki, Rusiya öz sülhməramlılarının dislokasiya müddətini uzatmaq üçün əsaslar yaratmağa meyilliyini aşkar şəkildə göstərir, ancaq faydası yoxdur – Bakı qətiyyətlidir.

Ərazi bütövlüyünün tam şəkildə bərpa olunması Bakının prinsipial xəttidir və bu xəttə hər hansı gərginlik yükləmək cəhdləri faydasızdır.

Artıq 10 noyabr bəyanatının 1 il 6 ayında Azərbaycan ordusu Şuşadan üzü Xankəndi istiqamətinə tuşlanan səsgücləndiricilərlə himn səsləndirir, azan səsi verir, “Koroğlu” uvertürasını Xankəndi səmasına ötürür.

Bu təmayüllər Bakının diplomatik savaşının bir elementidir, sülhə gətirmək üçün psixoloji metodlardır, eyni zamanda özündə çoxlu sayda hərbi xəbərdarlıq mənalarını da daşıyır.

Ermənilər isə dərs çıxarmaq əvəzinə sülhməramlıların yerləşdiyi zonalardan Azərbaycan ordusuna atəş açırlar.

Artıq təxribatların coğrafiyası da genişlənir, məsələn, Goranboy istiqaməti, Gülüstan istiqamətindəki mövqelərimiz atəşə tutulur.

Olsun, erməni separatçı ünsürlərdən başqa şey gözləmək də olmaz. Azərbaycanın strateji səbrini sınağa çəkmək elə onların özünə baha başa gələcək.

Azərbaycan Müdafiə Nazirliyinin eyni gündə yaydığı iki məlumatda da mahiyyətinə görə xəbərdarlıq zəngin idi.  

Birinci xəbərdarlıq Rusiyaya idi, yəni, Moskva “Dağlıq Qarabağ”ın ətəyindən qopmasa, sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca vəziyyət gərginləşəcək. Bu o deməkdir ki, Azərbaycan özünün suverenliyinə təhdid yaradacaq elementlərin zərərsizləşdirilməsi üçün hərbi əməliyyatlara başlayacaq və separatçılar məhv edəcək.

İkinci məlumatdakı xəbərdarlıq isə birbaşa Ermənistana ünvanlanmışdı, müdafiə naziri Zakir Həsənov keçirdiyi xidməti müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədində və sülhməramlıların müvəqqəti xidmət apardığı Azərbaycan ərazilərində mümkün təxribatlara dərhal adekvat cavabın verilməsi tapşırığını verib.

Azərbaycan ordusu postmüharibə dövrünün çağırışlarına uyğun olaraq qurur, komando birlikləri yaradır və Türkiyə modelinə keçidi sürətləndirir.

Bu erməni terrorçuları nəyə güvənir-güvənsin, amma Azərbaycan ordusu onların güvəndiyi dağlara da qar yağdırmağa qadirdir.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.