Azərbaycan Prezidenti: “ATƏT-in Minsk qrupu öz gündəliyini formalaşdırmalı və bizə təqdim etməlidir”

“ATƏT-in Minsk qrupu öz gündəliyini formalaşdırmalı və bizə təqdim etməlidir. Sonra biz həmin gündəliyi ya təsdiq etməli, ya təsdiq etməməli, ya da qismən təsdiq etməliyik. Yəni, onların belə konsolidə edilmiş qrup kimi məşğul olmaq istədikləri bəndlərdən söhbət gedir”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Minsk qrupunun formatının dəyişdirilməsi barədə suala cavabında söyləyib.

Dövlətimizin başçısı vurğulayıb ki, Rusiya ilə ABŞ, Rusiya ilə Avropa İttifaqı arasında baş verən son hadisələr həmin ölkələr arasında əməkdaşlığın bu yeganə formatı formal mənada deyil, məhz belə konsolidə edilmiş şəkildə saxlanacağını deməyə əsas verir. “Buna görə də biz özümüz üçün ilk növbədə, aydınlaşdırmalıyıq ki, bu gün Minsk qrupunun həmsədrliyi zamanın reallıqlarına nə dərəcədə cavab verir, həmsədrləri dəyişməyə zərurət varmı, çünki Minsk qrupu təkcə bu üç ölkədən ibarət deyil. Bu üç ölkə, əslində, qalan ölkələri təcrid ediblər, həqiqəti demək lazımdır. Üstəlik, nizamlamaya hansı şəkildəsə kömək etmək arzusunu bildirmiş bütün başqa təşkilatlar da bloklanmışdı. Bu, mənə dəqiq məlumdur. 2005-ci ildə biz Avropa Şurasının Parlament Assambleyasında işğalı pisləyən Qətnaməni keçirməyə nail olanda, bildiyimə görə, orada Minsk qrupu tərəfindən böyük qalmaqal qoparılmışdı ki, necə yəni, siz özünüzə aid olmayan işlərə qoşulursunuz. Onlar Avropa İttifaqının cəhdlərinə də beləcə qısqanclıqla yanaşırdılar. Yadınızdadırsa, bir müddət bundan əvvəl – keçən il, mənim fikrimcə Avropa İttifaqının üzvləri olan üç ölkənin xarici işlər nazirlərindən ibarət nümayəndə heyəti gəlmişdi. Bu səfərə də münasibət çox qısqanc olmuşdu”, – deyə Prezident İlham Əliyev əlavə edib.

Prezident deyib ki, prosesi tamamilə inhisarlaşdırmaq, təkcə başqa aktorları deyil, Minsk qrupunun öz üzvlərini də kənarlaşdırmaq cəhdi onların, sadəcə, statistlər rolunda qalmasına səbəb olur. Çoxları hətta bu qrupun kimlərdən ibarət olmasını bilmir: “Ardıcıllıq belə olmalıdır. Birincisi, bu qrupun nə dərəcədə həyat qabiliyyətli olması aydınlaşdırılmalıdır. İkincisi, onlar nə ilə məşğul olmağı planlaşdırdıqlarını əks etdirən gündəlik təqdim etməlidir, özü də bu gündəlik onların üçünün arasında razılaşdırılmalıdır. Daha sonra Azərbaycan və erməni tərəfi buna öz münasibətini bildirməlidir. Hələlik bu iki ilk bənd yoxdur. Buna görə də prinsip etibarilə danışmaq üçün mövzu yoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir