Azərbaycan Respublikasının dövlət sərhədləri beynəlxalq hüquqa uyğun olaraq bərpa ediləcək

Dövlət sərhədlərinin toxunulmazlığı prinsipi müasir beynəlxalq hüquq və qlobal səviyyədə beynəlxalq təhlükəsizliyin təmin edilməsi baxımından fundamental rola malikdir. İlk növbədə nəzərə almaq lazımdır ki, dövlətə məxsus ərazinin və dövlət sərhədlərinin mövcudluğu suverenlik doktrinasının əsas komponentlərindəndir.

Beynəlxalq hüququn aparıcı subyekti qismində dövlətlərin ən mühüm əlamətlərindən birini məhz onların ərazisi təşkil edir. Bunun təsdiqini əhəmiyyətli kodifikasiya nümunəsi olan “Dövlətlərin hüquqları və vəzifələri haqqında” 26 dekabr 1933-cü il tarixli Montevideo konvensiyasının 1-ci maddəsində tapmaq olar. Konvensiyanın diqqəti cəlb edən müddəalarından biri də 11-ci maddədə əksini tapan “dövlətin ərazisi toxunulmazdır və hərbi işğal obyekti ola bilməz” hüquqi tezisidir.

Məlum olduğu kimi, dövlətlərarası münasibətlərin prinsipləri öncədən beynəlxalq adət formasında təşəkkül tapsa da, sonradan bu prinsiplər beynəlxalq hüquq müstəvisində formalaşmışdır. İlk dəfə olaraq BMT-nin Nizamnaməsinə bir sıra mühüm prinsiplərin daxil edilməsinə baxmayaraq, onların sırası 1975-ci il avqustun 1-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində qəbul edilən Helsinki Yekun Aktında genişləndirilmişdir və bu mühüm sənəddə dövlət sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipləri öz əksini tapmışdır. Həmin Aktda üçüncü sırada yer alan prinsipə əsasən, “iştirakçı-dövlətlər biri birinin bütün sərhədlərini, və həmçinin Avropada bütün dövlətlərin sərhədlərini toxunulmaz hesab edirlər və buna görə də hazırda və gələcəkdə bu sərhədlərə hər hansı bir təcavüzdən çəkinəcəklər. Buna uyğun olaraq,  onlar istənilən iştirakçı-dövlətin ərazisinin bir hissəsinin və ya bütövlükdə ələ keçirilməsi və ya qəsb edilməsinə yönələn hər hansı tələbdən və ya hərəkətlərdən çəkinəcəklər”. Dövlətlərin qarşılıqlı münasibətlərində rəhbər tutulan prinsiplərin ierarxiyasında dördüncü pillədə yer almış mühüm prinsipə əsasən “iştirakçı-dövlətlər biri birinin ərazi bütövlüyünə hörmət edəcəklər”. 

Təəssüf ki, beynəlxalq hüquqa daima etinasız münasibət bəsləyən, sivil dövlətlərin ünsiyyət qaydalarına ümumiyyətlə riayət etməyən, beynəlxalq təhlükəsizliyə təhdidlər yaradan Ermənistan Azərbaycan Respublikasına qarşı təcavüz edərək, dövlət sərhədlərini öz xeyrinə dəyişməyə çalışmışdır. Ancaq 44 günlük Vətən müharibəsində əldə edilmiş parlaq qələbə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnərək, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi məsələsini qətiyyətlə beynəlxalq gündəmə gətirmişdir. Bu kontekstdə post-münaqişə dövrünün ən mühüm problemlərindən birini məhz Azərbaycan Respublikasının dövlət sərhədlərinin bərpası təşkil edir və həmin məsələnin həlli üçün qüvvədə olan beynəlxalq hüququn dəqiq yanaşması mövcuddur. 

Sovet İttifaqı dağıldıqdan sonra beynəlxalq hüquqda təşəkkül tapmış “uti possidetis juris” prinsipinə əsasən, keçmiş müttəfiq respublikaların inzibati sərhədləri müstəqillik əldə etmiş dövlətlərin beynəlxalq sərhədlərinə çevrilmişdir. Bu yanaşma heç bir halda mübahisələndirilə və ya inkar edilə bilməz. Bunun təsdiq olunması üçün istər beynəlxalq məhkəmə orqanlarının presedent təcrübəsinə, istərsə də çoxsaylı beynəlxalq sənədlərə müraciət etmək kifayətdir. 

Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanı qismində təsis edilmiş Beynəlxalq Məhkəmənin 1986-ci ildə baxdığı Burkina-Faso Mali Respublikasına qarşı işində (Case concerning the Frontier Dispute (Burkina-Faso v. Republic of Mali) göstərilmişdir ki, “uti possidetis juris” prinsipinin tədbiqi sərhədlərin toxunulmazlığına hörmət olunmasını təmin edir. Məhkəmə qeyd etmişdir ki, bu prinsipə ilk dəfə olaraq Latın Amerikasında müraciət edilməsinə baxmayaraq, o beynəlxalq hüququn hansısa bir konkret sisteminə aid olan norma deyil. “uti possidetis juris” ümumi tətbiqi sahəsinə malik olan və istənilən yerdə müstəqilliyin əldə edilməsi fenomeni ilə məntiqi şəkildə bağlı olan prinsipdir. Onun təyinatı – yeni yaranan dövlətlərin müstəqilliyini və sabitliyini təhdid edən sərhədlərinin mübahisələndirilməsinin qarşısının alınmasından ibarətdir. 

Azərbaycan Respublikasının Ermənistanla dövlət sərhədlərinin bərpası məsələsi beynəlxalq hüquqla da birmənalı olaraq müdafiə olunur. 

8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında” Sazişin 5-ci maddəsi, 21 dekabr 1991-ci ildə qəbul edilən və 11 dövlət tərəfindən imzalanmış Alma-Ata bəyannaməsinin ayrılmaz tərkib hissəsi olan Preambulası, 22 yanvar 1993-cü ildə qəbul edilmiş “Müstəqil Dövlətlər Birliyinin Nizamnaməsinin” 3-cü maddəsinin 3-cü və 4-cü bəndləri ərazi bütövlüyü və birlik çərcivəsində mövcud olan sərhədlərin toxunulmazlığının tanınması və onlara hörmət edilməsini təsbit etmişdir.

1991-ci il 16 dekabr tarixində Brüssel şəhərində Avropa Birliyi tərəfindən qəbul edilmiş “Şərqi Avropada və Sovet İttifaqında yeni dövlətlərin tanınması üzrə Prinsiplər” bəyannaməsində göstərilmişdir ki, Avropa İttifaqı bə üzv-dövlətlər tərəfindən qeyd edilən yeni dövlətlərin tanınması üzrə ümumi mövqe bütün sərhədlərin töxunulmazlığını rəhbər tutur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu sənəddə birliyin üzv-dövlətlərinin ümumi mövqeyi təsdiq edilərək, təşkilat tərəfindən 1975-ci il tarixli Helsinki Yekun Aktına və 1990-cı ildə qəbul edilmiş Yeni Avropa üçün Paris Xartiyasına sadiqlik təsdiq olunmuşdur. 

Azərbaycan Respublikasının dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası bütövlükdə regionda beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün əsas şərtlərdən biridir və heç kəs şübhə etməməlidir ki, ölkəmiz öz sərhədlərində möhkəmlənəcək.     

Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir