Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilib – YENİLƏNİB + FOTO

12 may 2022-ci il tarixində Düşənbə şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə tərəflər, bölgədə mövcud olan vəziyyət və üçtərəfli bəyanatların yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması, o cümlədən dövlət sərhədinin delimitasiya prosesinin başlaması, bütün nəqliyyat və kommunikasiya xətlərinin açılışı, iki dövlət arasında sülh müqaviləsinin razılaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər, bölgədə sülh və təhlükəsizliyin təmin olunması naminə əldə edilmiş razılaşmaların icrasının vacibliyi vurğulanıb.

16:32

Bu gün Düşənbə şəhərində, MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşü baş tutub.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafı məsələlərini müzakirə ediblər.

Bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparan tərəflər, sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların tam icrasının vacibliyini bir daha vurğulayıblar. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımların atılmasının əhəmiyyəti qeyd edilib.

Tərəflər, həmçinin regional və beynəlxalq təhlükəsizlik gündəliyinə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

15:57

Düşənbədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş keçirilir.

Bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib.

“Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Rusiya və Azərbaycan XİN rəhbərlərinin görüşü başlayıb”, – deyə M.Zaxarova qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.