Azərbaycan-Türkiyə münasibətlərini fərqləndirən ən başlıca amil

Bu gün qardaş Türkiyə Cümhuriyyəti müstəqilliyinin 98-ci ildönümünü qeyd edir. Bu tarixi günün Azərbaycan üçün də böyük mənəvi və siyasi əhəmiyyəti var. Ümummilli lider Heydər Əliyevin bütün Türk dünyasında məşhur olan kəlamı – “Bir millət iki dövlət” anlayışının gerçək həyatda təcəssümünün şahidi olduğumuz tarixi məqamda – Vətən müharibəsinin ildönümündə qardaş Türkiyənin dünyada artan nüfuzunu və rolunu müşahidə etmək hər bir azərbaycanlıya qürur hissi yaşadır.

Bu gün Azərbaycan-Türkiyə münasibətləri cənab Prezidentin də dəfələrlə vurğuladığı kimi, dünyada bənzəri olmayan qarşılıqlı etibara və etimada əsaslanır. Bizim xalqlarımızı birləşdirən yalnız etnik, dini və mədəni köklər deyil, eyni zamanda mürəkkəb və ziddiyyətli proseslərin cərəyan etdiyi 21-ci əsrdə dünyaya eyni pəncərədən baxmağımızdır. Azərbaycan və türk xalqları ədalətin, sülhün, sabitliyin, əməkdaşlıq və rifahın hökmranlıq etdiyi bir dünyada yaşamaq istəyir. Beynəlxalq siyasətdə, iqtisadi müstəvidə və digər sahələrdə bu qədər yaxşı anlaşmağımızın əsas səbəbi də məhz bundadır. Çünki dünyada mədəni, dini, etnik kökləri bənzər olan xalqlar, dövlətlər çoxdur, lakin onların heç biri bizim qədər bir-birinə yaxın deyillər. Hesab edirəm ki, Azərbaycan-Türkiyə münasibətlərini fərqləndirən ən başlıca amil elə bundan ibarətdir.

1915-ci ildə Çanaqqalada Türkiyənin azadlığı uğrunda canlarından keçmiş minlərlə həmvətənimiz, 1918-ci ildə Azərbaycanın istiqlaliyyəti və təhlükəsizliyi naminə həyatını qurban vermiş türk əsgərlərini bir-birindən ayırmamağımızın yeganə səbəbi yalnız eyni dildə danışmağımız deyil. Onların hər biri bizim üçün ona görə əzizdirlər ki, millətlərimizin ortaq amalı olan ədalət uğrunda şəhid olublar.

Ötən ilin sentyabrında başlayan Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi siyasi dəstəyin fəlsəfəsində də məhz ədalət, sülh anlayışı dayanır. Biz yalnız iki qardaş deyil, həm də eyni amal uğrunda mübarizə aparan iki müttəfiq millətik. Bu ittifaqı yeni bir səviyyəyə qaldıran 2021-ci il iyunun 15-də imzalanmış Şuşa bəyannaməsi Azərbaycanla Türkiyənin sabit, təhlükəsiz və tərəqqi edən Cənubi Qafqaz görmək arzusunun ifadəsidir.

İki qardaş ölkənin birgə səyi ilə fəaliyyətə başlayacaq Zəngəzur dəhlizi yalnız Azərbaycan və Türkiyənin deyil, bütün region xalqlarının həyatında dəyişikliklər mərhələsinin başlanmasına səbəb olacaqdır. Bizim ölkələrimiz heç vaxt heç bir ölkəyə qarşı ərazi iddiasında olmayıb. Bizim xalqlarımızın birgə amalı ədalətli dünya nizamına nail olmaqdır. Bütün region iqtisadiyyatının canlanmasına, burada yaşayan xalqların daha yaxşı həyat şəraitinin təmin olunmasına, rifahının yüksəlməsinə səbəb olacaq bu dəhliz bizi gələcəyə aparan strateji yoldur.

Şübhəsiz ki, xalqımız bəzi dostlarımızın bizdən üz döndərməyə hazır olduğu Vətən müharibəsi günlərində Türkiyənin verdiyi dəstəyi unutmayacaq. Azərbaycan Prezidentinin də müharibə dövründə qeyd etdiyi kimi, bizim üçün o günlər həm də həqiqət anı idi. Hesab edirəm ki, bu tarixi məqamda Türkiyənin nümayiş etdirdiyi mövqe bizim münasibətlərimizin bütün mahiyyətini və məzmununu çox dəqiq ifadə edir.

Türkiyə Prezidentinin Azərbaycana bu günlərdə etdiyi səfər bir daha göstərdi ki, bizim birliyimiz əbədi və sarsılmazdır. Çünki bu birliyin hədəfində hansısa üçüncü xalqlar və dövlətlər yox, sülh, sabitlik, təhlükəsizlik və rifah dayanır.

Ramin Məmmədov, Milli Məclisin deputatı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir