Azərbaycan və Ermənistan arasında ikitərəfli komissiyanın yaradılması məsələsi nə yerdədir?

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev jurnalistlərə açıqlamasında noyabrın 26-da Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin qəbul etdiyi üçtərəfli bəyanatdan danışıb.

Oxu.Az-ın xəbərinə görə, Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan Soçi görüşünün nəticələrindən razıdır. 

Onun sözlərinə görə, bəyanatın icrası ilə əlaqədar müzakirələr davam etdirilir.

“Xüsusilə qeyd etmək istərdik ki, bəyanatda nəqliyyat dəhlizlərinin açılması məsələsinə vurğu edilir. Bu, Zəngəzur dəhlizi ilə əlaqədar olan məsələlərdir ki, orada üçtərəfli komissiya çərçivəsində müzakirələrin keçirilməsi vurğulanır”, – deyə Hikmət Hacıyev əlavə edib. 

Prezidentin köməkçisi “sərhədin delimitasiya və demarkasiyasına dair Azərbaycan və Ermənistan arasında ikitərəfli komissiyanın yaradılması məsələsi nə yerdədir” sualına isə belə cavab verib: 

“Ermənistan reallığı dərk etməlidir ki, onlar işğal müddətində sərhədin mahiyyətini və fəlsəfəsini başa düşməyiblər. Belə ki, onlar Azərbaycanın işğal olunmuş ərazilərini sərhəd hesab edirdi. Bu, işğalçılıq siyasətinin bir təzahürü idi. Bu gün Azərbaycan sərhədləri Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı istiqamətində də təsbit edilib. Ermənistan bu sərhədlərə hörmət etməlidir. Soçi bəyanatından irəli gələn bütün məsələlərin irəli aparılması üçün təmaslar davam etdirilir”, – deyə Hikmət Hacıyev əlavə edib. 

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir