Azərbaycan və Pakistan XİN başçılarının görüşü keçirilib – YENİLƏNİB + FOTO

Düşənbə şəhərində keçirilən  “Asiyanın ürəyi – İstanbul prosesi” 9-cu Nazirlər Konfransı çərçivəsində  Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Şah Mahmud Qureyşi ilə görüşüb.

Bu barədə Azərbaycan XİN məlumat yayıb.

Görüşdə tərəflər Azərbaycan və Pakistan arasında mövcud olan ikitərəfli əməkdaşlıq məsələlərini, o cümlədən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Pakistanın şirkətləri arasında əməkdaşlıq perspektivləri,  mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Nazirlər Azərbaycan ilə Pakistan arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edərək, bu xüsusda hökumətlərarası ticarət və iqtisadiyyat komissiyasının Bakıda keçiriləcək növbəti iclasını vurğulayıblar.

Nazirlər, həmçinin parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

15:14

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Tacikistanın paytaxtı Düşənbədə pakistanlı həmkarı Şah Mahmud Qureyşi ilə görüşüb.

Görüş barədə məlumat Pakistan XİN başçısının rəsmi “Twitter” səhifəsində dərc edilib.

Məlumatda qeyd olunur ki, C.Bayramovla Ş.M.Qureyşi iqtisadi əməkdaşlıq, iki ölkə arasında birbaşa uçuşların bərpası və digər strateji məsələləri müzakirə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir