Azərbaycan və Türkiyə ordularının elit qüvvələrinin təlimi: “At oynatmaq” istəyənlərə göz dağı – ŞƏRH

Sosial şəbəkələrdə bir qrup şəxs neçə gündür ki, guya Türkiyənin Azərbaycanla arasının dəydiyi fikirlərini tirajlayır və heç bir tutarlı arqument ortaya qoya bilmirlər.

Həmin şəxsləri niyyətlərinə görə üç qrupa bölə bilərik:

1. Məqsədli şəkildə kampaniya aparanlar,

2. Bilmədən bu kampaniyaya uyanlar,

3. Sadəcə nəyin bahasına olursa-olsun tənqidçi kimi görünmək üçün ağlına gələni səsləndirənlər, bunun məsuliyyətini dərk etməyənlər.

Belə təxribat xarakterli fikirlərin dövriyyədə olduğu zamanlarda isə onlara ən gözəl cavab rəsmi dairədən – Azərbaycan Müdafiə Nazirliyindən gəldi.

Nazirlik məlumat yaydı ki, Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimləri keçiriləcək.

Təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi iştirak edəcək. Birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.

Hərbi hava qüvvələrinin ortaq təliminin paralelində Bakıda Azərbaycan və Türkiyə xüsusi təyinatlı qüvvələrin məşqləri başlayıb və bu sentyabrın 12-dək davam edəcək.

Məşqlərdə sualtı hücum və sualtı müdafiə əməliyyatlarının aparılması tapşırıqları da icra ediləcək.

Bunu niyə “xüsusi təyinatların məşqi” adlandırırıq?

Azərbaycan Müdafiə Nazirliyinin Bakıda keçirilən təlimlərə dair yayımladığı videoda türkiyəli hərbçinin geyiminin üzərində SAT yazılıb. SAT (Sualtı Tarruz Timi) Türkiyə ordusunun elitası sayılır.

Azərbaycanda da dəniz qüvvələrinin xüsusi təyinatlıları var, indi onlar SAT-la birgə təlimlər keçirlər.

Azərbaycandakı dəniz piyadaları Vətən müharibəsində də iştirak edib və onlar “Dəniz pişikləri” kimi tanınan ordunun elit qüvvələridir.

Hərbi diapazonda Azərbaycan-Türkiyə birgə təlimlərinin artan intensivliyi, o cümlədən iki ölkədən olan xüsusi təyinatlıların məşqi regionda “at oynatmaq” istəyən qüvvələrə mühüm və vacib mesajdır.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir