Azərbaycan XİN rəhbəri azad edilmiş ərazilərdəki mina təhlükəsindən danışdı – FOTO

“30 illik işğala son qoyulduqdan, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdikdən sonra qarşıda duran əsas vəzifə yenidənqurma işlərinin həyata keçirilməsidir”.

Oxu.Az-ın məlumatına görə, bunu bu gün Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikasının xarici işlər naziri Ruslan Kazakbayevlə görüşdən sonra keçirilən brifinqdə xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, yüz minlərlə azərbaycanlının həmin bölgələrə qayıtması və onlar üçün layiqli həyat şəraitinin yaradılması əsas işlərdən biridir:

“Bu sahədə əməkdaşlıq məsələsi qırğız həmkarımla müzakirə olundu. Qarşımızda duran əsas təhlükə və çağırışlar barədə də fikirlərimizi bölüşdüm. Ən ciddi təhlükələrdən biri mina məsələsidir.

Son 7 ayın acı statistikası ondan ibarətdir ki, 28 vətəndaşımız həlak olub, 120-dən artıq vətəndaşımız yaralanıb. Bu müddət ərzində Ermənistan müxtəlif bəhanələrlə xəritələri verməkdən imtina edirdi. Beynəlxalq vasitəçilərin iştirakı ilə yalnız Ağdam rayonu üzrə mina xəritələri təqdim edilib.

Yalnız Ağdam rayonunda piyada və tank əleyhinə 97 min mina var. Bu, mina probleminin nə dərəcədə ciddi və təhlükəli olduğunu göstərir”.

İlhamə Əbülfət

FOTO: Firudin Səlimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir