Azərbaycana dil uzadan, öz kölgəsindən qorxan Əli Mütəhəriyə məsləhət: Karvan keçdi, çox çığırma…

Sirr deyil ki, xüsusən son bir neçə ayda Azərbaycanla İran münasibətlərində gərginlik müşahidə olunur. Buna səbəb İranın ambisiyalarının regionda yaranmış yeni reallıqları qəbul edə bilməməsidir. Əslində regionda sülh və əmin-amanlığın bərpası, inkişaf və tərəqqinin artması anlamına gələ biləcək bu reallıqlar, özünü regionun ağası hesab edən İranda təhdid kimi qəbul edilir.

İran XİN-in cəfəng “sionist rejim” açıqlamasının üzərindən çox keçməsə də, növbəti dəfə mövcud olmayan təhlükənin canına qorxu saldığı daha biri peyda oldu.

İran parlamenti sədrinin keçmiş müavini Əli Mütəhəri regiona əbədi sülh və inkişaf bəxş edəcək Zəngəzur dəhlizini öz ölkəsi üçün böyük təhdid kimi qələmə verib. O, Zəngəzur dəhlizini Azərbaycan, Türkiyə və İsrailin xəyanətkar planı adlandırıb. Üstəlik bir qədər də irəli gedərək bu layihənin icrasının İran-Ermənistan sərhədini dağıdacağını və İranın Avropaya yollarından birini bağlayacağını deyib.

Bu da son deyil, iranlı keçmiş millət vəkili öz aciz varlığının məqsəd və məramını dəfələrlə aşan, normal şüurun məhsulu olmayan, xəstə təxəyyül uydurması ifadə səsləndirib:
“Öz anası İranı satmaq əvəzinə Azərbaycan Respublikası ona qayıtmalıdır, əks halda Səddamın aldığı dərslərdən alacaq”.

İlk olaraq onu deyək ki, kim-küdurət dolu bu açıqlama elə Əli Mütəhəri qədər aciz və cılız bir insanın dilindən səslənə bilərdi. Qonşu dövlətə münasibətdə bu cür şovinist, mənfur yanaşma elə sözügedən insanın hansı keyfiyyətsizliklərin daşıyıcısı olduğunu ortaya qoyur.

Keçək əsas məsələyə, o məsələ ki, İranın əsl mahiyyətini tamamilə ortaya qoyur. “Qüdrətli”, “böyük”, “nəhəng” İranı bir-birinə vuran, İran rəsmilərinə, məmurlarına rahatlıq verməyən əslində başqa bir şey deyil, məhz qorxudur. Çünki İran öz “güc”ünü həddən artıq şişirdilmiş şəkildə qələmə verdiyini, əslində isə sadəcə pafos dolu açıqlamaların arxasına acizliklə sığındığını bilir. Elə Əli Mütəhəri kimi əldəqayırma siyasətçilər də məhz bu pafosun aludəçiləridir. Həqiqət isə başqadır.

Əsl həqiqəti ayırd etmək üçün özümüzdən nümunə verə bilərik. Azərbaycan hansı qüdrətə sahib olduğunu bütün dünyaya döyüş meydanında göstərdi. Bununla belə heç zaman bəsit və cılız açıqlamaların arxasına sığınmadı və sübut etdi ki, verdiyi bəyanatlar həqiqətə söykənir. Azərbaycan dövlətinin qüdrəti söylənilən hər bir ifadənin arxasında durmağa qadir olduğumuzu dosta da, düşmənə də göstərdi.

Ancaq yenə də Əli Mütəhəri kimi cılız “şəxsiyyət”lərə həqiqətin hətta onun gözlərini bürüyən cahiliyyət zülmətini aydınladacaq qədər parlaq olduğunu göstərmək naminə Azərbaycan Prezidenti İlham Əliyevin bir çıxışını xatırladaq:
“Təəssüf ki, İkinci Qarabağ müharibəsindən əvvəlki iki il ərzində Azərbaycan tərəfindən verilən müsbət siqnallar orada yanlış anlaşıldı – bir zəiflik kimi, bir gücsüzlük kimi. Biz, sadəcə olaraq, qan tökmək istəmirdik. Biz gücümüzü bilirdik və bilirdik ki, biz bu məsələni güc yolu ilə həll edə bilərik”.

Prezident İlham Əliyevin açıqlaması Azərbaycanın öz güc və qüdrətinə inandığını, real imkanlarını bildiyini göstərir. Bununla belə Azərbaycan istənilən vədi yerinə yetirə biləcək iradəyə sahib olduğu halda, pafosa əl atmadı, həqiqətin mütləq qələbəsinin təmin olunacağı günə qədər səbrlə gözlədi.

Qısası, əgər sözün və əməlin düz gəlirsə, o zaman nə qədər istəsən danışmağa haqqın çatar. Əli Mütəhərinin şəxsində İranın təhdid etdiyi Azərbaycan məhz sözü ilə əməli üst-üstə düşən, öz qüdrətini bilən və qiymətləndirən, lakin bununla belə pafosa, şişirdilmiş görkəmə bürünməyən Azərbaycandır. Biz bu həqiqəti döyüş meydanında da tarixi ədaləti bərpa edərək göstərmişik.

İndi isə keçək İran tərəfinə, yalnız çıxışlarda, təhdid dolu açıqlamalarda olan bu “qüdrət” həqiqətən reallığa söykənirmi? İran iddia etdiyi qədər qüdrətlidirsə, nəyə görə açıq-aşkar qorxudan tir-tir əsir? Nəyə görə Azərbaycan-İsrail dostluğundan bu qədər qorxuya düşür? İran tərəfindən verilən açıqlamalar da, bu qorxunun pik həddə olduğunu göstərmirmi?

Üstəlik İran real olmayan bir təhlükədən bu qədər qorxuya düşüb. İsrailin sadəcə adı belə Əli Mütəhəri kimilərin canına od salıb, o isə yanından keçən karvanın arxasınca səsini atıb başına…

Əli Mütəhəri karvanın arxasınca nə qədər çığır-bağır edir-etsin, Azərbaycan bu regionda təhlükəsizlik və inkişafın əsas amili olaraq qalacaq. İran isə saxta öz kölgəsindən belə qorxduğunu gizlətmək üçün sadəcə saxta bəyanatların arxasına sığınmalı olacaq.

Digər bir məqam Zəngəzur dəhlizinin İranda təhlükə kimi görünməsidir. Yəni İran dar bir cığırla Avropaya çıxışı, bütün Cənubi Qafqaz üçün möhtəşəm perspektivlər təmin edəcək bir reallıqdan üstün tutur. Çünki Zəngəzur dəhlizi bütün regionda iqtisadi və mədəni əlaqələrin inkişafına, regionun tərəqqisinə gətirib çıxaracaq. Belə çıxır ki, İran həm də inkişaf və tərəqqidən də qorxur.

Əli Mütəhəri kimilərin Avropaya çıxışla bağlı qorxuları isə əbəs yerədir. Çünki Avropada heç kim Əli Mütəhərikimilərin yolunu gözləmir. Çünki cahil, şovinist və radikal düşüncəli aciz bir “siyasətçi” dünyanın heç bir yerində, heç kimə, heç bir məqsədlə gərək deyil.

Nəticə olaraq görürük ki, İranın “narahatlıqları” reallıqlara söykənmir, əksinə onu təkzib edir. İranın “narahatlıq” adlandırdığı əslində özünə inamsızlığın yaratdığı dəhşətli bir qorxudan başqa bir şey deyil. İran özünü qələmə verdiyi kimi nəriltisi dünyanı lərzəyə salan bir şiri xatırlatmır, əksinə qorxudan bir küncə sıxılıb gizlənən və arabir hay-küy salıb qorxu yaratmağa çalışan təsiri bağışlayır.

İran kimə analıq, kimə atalıq etmək istəyir onu demək bizə düşməz, hər halda qoynunda illərdir bəslədiyini bir Ermənistan olduğu faktı da ortadadır. Təcavüzkar Ermənistana illərdir verdiyi dəstəklə onun üzərində hansısa bir haqq iddia edə bilər bəlkə də…

Ancaq Azərbaycanla bağlı bu cür ifadəni dilə gətirərkən Əli Mütəhərikimilər ehtiyatlı olmalıdır. Qorxuları özündən böyük olan Əli Mütəhəri məsləhətdir ki, çox çığırmasın, bu karvan çoxdan keçib…

Orxan Tağıyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir