Azərbaycanın bir qrup ziyalısı UNESCO-nun baş direktoruna müraciət edib

Azərbaycanın bir qrup ziyalısı UNESCO-nun baş direktoru Odre Azuleyə müraciət edib.
Müraciətdə deyilir:

“Hörmətli baş direktor,

Biz Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində bu ölkə ərazisində Azərbaycan xalqına məxsus yüz illərlə tarixi olan mədəni irsin tamamilə yox olması təhlükəsi ilə bağlı ciddi narahatlığımızı bölüşmək üçün sizə müraciət edirik.

Ermənistanda yaşamış və bu yerlərin köklü sakinləri olan azərbaycanlılara qarşı XX əsrin əvvəllərindən etibarən aparılmış etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar öz dədə-baba torpaqlarından kütləvi deportasiyaya məruz qalmışlar. Sonuncu deportasiya 1988-ci ildə həyata keçirildi və 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrildi. Bununla da, Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü və sistematik deportasiya siyasəti nəticəsində azərbaycanlıların Ermənistandan qovulması prosesi sona çatdı.
Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistan məqsədli şəkildə bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününkiləşdirir və mənşəyini dəyişdirir. Azərbaycan kəndlərinin tarixi adları kütləvi şəkildə dəyişdirilib, qədim toponimlər erməni adları ilə əvəz edilib.

İrəvan quberniyasında yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscid 20-ci əsrin əvvəllərində qəsdən dağıdılıb, özününkiləşdirilib, və ya digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq Məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib.

Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbiristanlıqları kimi 500-dən çox qəbiristanlıq məhv edilib. Bu il Azərbaycan xalqının 200 illik yubileyini qeyd etdiyi, qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Aşıq Ələsgərin də qəbri dağıdılıb. Bəşəriyyətin qeyri-maddi mədəni irs nümunələri siyahısına salınan Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi olan Aşıq Ələsgərin qəbirüstü büstünün dağıdılması bir daha Ermənistanın heç bir ümumbəşəri dəyər tanımadığını nümayiş etdirir. Bu, bütün dinlər tərəfindən qəbuledilməzdir və heç bir mənəviyyata sığmır.

Onillərlə davam edən vandallıq əməllərinə görə bir nəfərin belə cəzalandırılmaması Ermənistanda bu işlərin dövlət siyasəti olmasının növbəti sübutudur.

Azərbaycan xalqının mədəni irsinin qəsdən dağıdılması, bir hissəsinin mənimsənilməsi, başqa xalqların irsi kimi qələmə verilməsi onu göstərir ki, Ermənistan hətta azərbaycanlıların bu torpaqlarda tarix boyu yaşaması və zəngin mədəniyyət yaratması faktını belə inkar edir. Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsidir.

Mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününkiləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi tarixi 2347 saylı tarixi qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həmçinin sülh və təhlükəsizlik məsələsidir.

Hörmətli Baş direktor,

Yuxarıdakıları qeyd etməklə, biz sizi Ermənistanda Azərbaycan xalqına məxsus olan mədəni irsin hazırki vəziyyəti barədə ətraflı hesabat təqdim etmək məqsədilə Ermənistan hökumətinə rəsmi sorğu göndərməyə çağırırıq. Biz həmçinin sizdən Azərbaycan xalqının əsrlərlə tarixi olan mədəni və tarixi irsinin hazırki vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana ekspert qrupunun göndərilməsini xahiş edirik.

UNESCO-nun öz konstitusiyası ilə ona verilmiş vasitəçilik mandatına güvənir və sizdən bu təşəbbüsün reallaşdırılması ilə bağlı UNESCO-nun rəsmi mövqeyinə dair bizi məlumatlandırmağınızı xahiş edirik”.

Müraciəti aşağıdakı şəxslər imzalayıb.

Kamal Abdulla – Azərbaycan Yaradıcılıq Fondunun rəhbəri, Xalq yazıçısı, akademik,
Fərhad Bədəlbəyli – pianoçu, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru
Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqının sədri
Əziz Ələkbərli – Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı
Hikmət Məmmədov – “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı
Aqil Abbas – “Ədalət” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı
Mənsum İbrahimov – Xalq artisti, professor
Fatma Səttarova – Respublika Veteranlar Təşkilatının sədri, II Dünya Müharibəsi veteranı
Bəyimxanım Verdiyeva – Xan Şuşinski Fondunun rəhbəri
Elçin Mirzəbəyli – “Xalq cəbhəsi” qəzetinin baş redaktoru
Nurəddin Mehdiyev – “Virtual Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri
Aybəniz İsmayılova – “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri
Rauf Zeyni – Milli QHT Forumunun prezidenti
Anastasiya Lavrina – “Azərbaycanın Rus İcması”nın sədr müavini
Faiq İsmayılov – “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri
Umud Mirzəyev – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri
Davud Rəhimli – Əlil Təşkilatları İttifaqının sədri
Günel Səfərova – “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri
Əvəz Həsənov – “Humanitar Tədqiqatlar” İctimai Birliyinin sədri
İlqar Orucov – “Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti” İctimai Birliyinin sədri
Azər Qərib – Azərbaycan Turizm Blogerləri Assosiasiyasının sədri
Nüşabə Məmmədova – Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir