Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov öz etimadnaməsini Rumen Radevə təqdim edib – FOTO

İyulun 28-də Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfiri  Hüseyn Hüseynov öz etimadnaməsini Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radevə təqdim etmişdir.

Bu barədə Azərbaycanın Bolqarıstandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, təqdimetmə mərasimindən sonra keçirilmiş təkbətək görüşdə səfir Hüseyn Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və ən xoş arzularını Bolqarıstan Respublikasının Prezidentinə çatdırmışdır.

Səfir ölkəmizin Bolqarıstan ilə əməkdaşlığa vacib əhəmiyyət verdiyini bildirmiş və iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətin aparılacağını bildirmişdir.

Azərbaycan Prezidentinin salamlarına görə minnətdarlığını bildirən Prezident Rumen Radev onun da səmimi salamlarını və yüksək ehtiramını  Azərbaycan Respublikasının Prezidentinə çatdırılmasını xahiş etmişdir. Azərbaycanın Bolqarıstan üçün vacib tərəfdaş olduğunu qeyd edən Rumen Radev səfirə diplomatik fəaliyyətində uğurlar arzulamışdır.

Görüşdə ikitərəfli tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə edilmiş, ticari-iqtisadi əməkdaşlığın artırılmasının əhəmiyyəti və qeyri-neft sektoru, o cümlədən kənd təsərrüfatı, nəqliyyat və yüksək informasiya texnologiyaları, habelə humanitar sahədə əməkdaşlığın gücləndirilməsinin önəmi vurğulanmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir