Azərbaycanın diktəsi: Ermənistanın yeni müdafiə naziri dərs çıxarmalıdır – TƏHLİL

Azərbaycan Vətən müharibəsində Ermənistan ordusunu darmadağın etdikdən sonra İrəvanda dərinləşən ictimai-siyasi, iqtisadi, intellektual böhran idarəetməyə də sıçradı.

Ermənistanda kök atmış revanşist şəbəkə heç cür Azərbaycanın qalibiyyəti ilə barışmayaraq öz xəstə təxəyyüllərini gündəmə daşımaqla məntiqsiz arzularını reallaşdırmaq yolunda addımlamaq istədilər.

Müharibədən sonra Ermənistan hökumətindəki ziddiyyətlərin tüğyan etdiyi proseslərə nəzər yetirək:

1. Müharibədən sonra xarici işlər naziri təyin edilən Ara Ayvazyan Azərbaycana qarşı ritorikalarda revanşizmə əsaslandı, işdən çıxarıldı. Bu ilin avqust ayında onun yerinə Ararat Mirzoyan təyin edildi;

2. David Tonoyan müharibədən sonra, 2020-ci ilin noyabrın 20-də işdən çıxarıldı, onun yerinə Vaqarşak Arutyunyan təyin edildi. Uğurlu olmadı, 2021-ci ilin iyulunda işdən çıxarıldı, onun yerinə Arşak Karapetyan gətirildi;

3. Arşak Karapetyan sərhəddə Azərbaycan əsgərinə “harada gördünüz, atəş açın” əmrini vermişdi, ümumiyyətlə onun nazirliyi dövründə sərhəddə insidentlər çox oldu;

4. Artıq Karapetyan da işdən qovuldu, bəli, qovuldu.

Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında Arşak Karapetyanın vəzifəsindən azad olunmasına səbəb kimi ötən gün Azərbaycanla sərhəddə baş verən hadisələri göstərib.

Bütün bunlar göstərir ki, Ermənistanın təxribatları özünə qarşı çevrilərək onu çıxılmaz vəziyyətə salır.

Müharibədən sonra Ermənistan ordusunun özünə gəlməsi üçün on illər lazımdır, bu da o təqdirdə ola bilər ki, işğalçılıq siyasətindən əl çəksin və ordunu sırf müdafiə qabiliyyətli bir kontingentə çevirsin.

Ancaq Ermənistan dəst-xəttinə redaktələr etməkdənsə, revanşist duyğuların ordunun şəxsi heyətinin düşüncələrində hakim xətt tutması üçün çalışdı, nəticə isə tamamilə əks-təsirlərlə yadda qaldı.

Arşak Karapetyan müdafiə naziri təyin edildikdən sonra, öz aləmində bu sahədə dönüş yaratmaq və özünü “fədakar təşəbbüskar” kimi tanıtmaq istədi. Karapetyan:

1. Azərbaycan-Ermənistan sərhədində ardıcıl təxribatlar yolunu tutdu;

2. Zəfər Günü ərəfəsində Karapetyan Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etdi;

3. Ardınca ermənilər Şuşa ətrafında təxribat törətməyə cəhd göstərdilər;

4. Laçında (Qaragöldə) Azərbaycan ərazilərinə soxulmağa cəhd edən erməni hərbçilər dərhal mühasirəyə alındı, Rusiya tərəfinin xahişindən sonra ölkələrinə təhvil verildi;

5. Bundan sonra erməni terrorçu Şuşa yaxınlığında Rusiya sülhməramlıların nəzarət etdiyi ərazidən Azərbaycan postuna qumbara atdı;

6. Ardınca Ermənistan-Azərbaycan sərhədinin Laçın və Kəlbəcər istiqamətlərində növbəti təxribatlara imza atıldı.

Azərbaycan Müdafiə Nazirliyi sərhəddəki insidentlərə dair yaydığı bəyanatın mətnində Ermənistana xəbərdarlıqlar qırmızı xətlə keçirdi.

Təbii ki, Müdafiə Nazirliyi belə xəbərdarlıqları təkbaşına qərar nəticəsində gündəmə gətirmirdi, bu, həm də Azərbaycanın siyasi rəhbərliyinin iradəsinin məhsulu idi.

Ermənistan isə növbəti biabırçılığı ört-basdır etmək məcburiyyətində qaldı, Azərbaycan hərbçilərinin daha da strateji yerlərdə mövqelənməsi İrəvanın “son mərmisinin” boşa çıxdığını göstərdi.

Ermənistan rəhbərliyi artıq vəziyyətin kritik olduğunu dərk etdikdən sonra Azərbaycanın təxribatlara göz yummayacağına qəti əmin oldu.

Ona görə də Paşinyan Azərbaycandan gələn haqlı emosiyaları sakitləşdirmək və ya da bu emosiyaların ən azından orta səviyyəli hərbi güc tətbiqinə gəlməməsi məqsədilə Karapetyanı vəzifəsindən çıxardı.

Ermənistan baş nazirinin müavini Suren Papikyan yeni müdafiə naziri təyin olunub.

Olanlar bir daha təsdiq edir ki, Ermənistan hər bir təxribatına görə cavab verəcək, Ermənistanda hər bir vəzifəli şəxs Azərbaycana qarşı törətdiyi əməlin məsuliyyətini daşımağa məcbur ediləcək.

NƏTİCƏ:

Ermənistan hakimiyyətində Azərbaycanla münasibətlərin normallaşmasının qarşısını alıb prosesə revanşist duyğular qarışdıranlar daha çox orduda kök atıb.

Onların zərərsizləşdirilməsi Azərbaycanın xeyrinə işləyir. Bir az da dəqiq ifadə etsək, lazım olan kommunikasiyanın yaradılmasını ağrısız proses halına gətirir.

Görünür ki, Karapetyanın işdən çıxarılmasına Azərbaycan tərəfinin diktələri səbəb olub.

İndi Suren Papikyan sələflərinin səhvlərindən nəticə çıxarmalıdır, əks təqdirdə Ermənistan gündəmini yenə Bakı müəyyən edəcək.

Əgər Papikyan sələfləri kimi Azərbaycanla münasibətlərin normallaşmasına xələl gətirən addımlara getsə, Azərbaycanın addımları daha sərt və daha təsirli olacaq.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir