Bakının güclü müttəfiqləri: İlham Əliyev Azərbaycana qarşı təhdidlərə cavab veriləcəyini açıqlayır – TƏHLİL

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrindəki çıxışına regionda cərəyan edən gərgin proseslər kontekstində yanaşmaq lazımdır.

İlham Əliyevin BMT tribunasından verdiyi mesajlar ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dirçəldilməsinə yönələn cəhdlərə qarşı cavabdır.

Son zamanlar, xüsusilə Vətən müharibəsinin ildönümü ərəfəsində ABŞ və Fransa Qarabağda məhv olmuş status məsələsini diriltmək üçün yarışa girişiblər.

Minsk Qrupunun digər həmsədri Rusiya isə ikibaşlı siyasi kursunu davam etdirir, mübahisəli məsələlərin qalmasını istəyir ki, təsir imkanları güclənsin.

Üstəgəl, Azərbaycanın son zamanlar İranla münasibətlərində müəyyən gərginlik yaşanır, indi Bakı elə siyasi xətt yürüdür ki, həmsədrlərin maraqları ambisiyaya çevrilməsin.

İrana gəlincə, qazanclı çıxan Azərbaycandır.

Ona görə ki:

1. Azərbaycan Gorus-Qafan yolunun öz ərazisinə düşən 21 kilometrində polis və gömrük postları quraraq İran üzərində iqtisadi təsir imkanları qazanır,

2. Azərbaycanın qüdrətli və ən müasir silahlarla təchiz edilmiş ordusu var,

3. Bakının müttəfiqləri çoxdur – Türkiyə, İsrail, Pakistan, Britaniya. Tehran da məhz Bakının müttəfiqlik əlaqələrinin güclənməsindən narahatdır və onun Azərbaycanla sərhəddə hərbi təlim keçirməsi həm də Bakının müttəfiqlərinə yönəlmiş nümayiş idi.

Bu mənada İlham Əliyevin Azərbaycana qarşı təhdidlər olarsa, dövlətin legitim özünümüdafiə hüququndan heç bir tərəddüd etmədən istifadə edəcəyinə dair bəyanatı regionda artan geosiyasi ambisiyalar fonunda nəzərdən keçirilsə, aşağıdakı nəticəyə gələ bilərik:

1. İlham Əliyevin bu bəyanatı Ermənistana xəbərdarlıqdır,

2. Ermənistanı silahlandıran, yenidən revanşizmin alovlanmasına maraq göstərənlərə, Azərbaycana qarşı cəbhə alaraq Bakıya əzələ nümayişi göstərmək istəyənlərə mesajdır.

Birinci məsələ aydındır, Azərbaycan həmişə Ermənistana xəbərdarlıq edir və münasib zamanda bütün cəbhələrdə – diplomatik, hərbi, siyasi – zərbələr endirir.

İkinciyə gəlincə, İlham Əliyev Azərbaycanın müharibədən sonra regionda yaratdığı yeni reallıqları hər kəsin nəzərə almasını deməklə Bakı və onun müttəfiqləri ilə hesablaşmağın şərtlərini ortaya qoyur. Bunun üçün Bakının əli güclüdür: Şuşa Bəyannaməsi, Pakistanla dərinləşən hərbi əməkdaşlıq, Britaniyanın və İsrailin Qarabağdakı layihələrdə iştirakı və sair. 

İlham Əliyev status məsələsinə cavab olaraq bir daha bəyan edib ki, Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur.

Bu tezisi gücləndirmək üçün BMT üzvlərinə və BMT Katibliyinə çağırış edib. Deyib ki, Azərbaycan ərazilərinə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verilməsin.

Ermənistanla sülh müqaviləsinin imzalanması mübahisəli və açıq qalan məsələlərin həlli baxımından vacibdir, lakin İrəvan Azərbaycanın təkliflərinə müsbət reaksiya vermir və ya bunu bəyan etməkdən çəkinir.

Ona görə də, Ermənistanı sülhə məcburetmə səylərinə beynəlxalq birlik də dəstək verməlidir, bu zaman İrəvan sülhə alternativ olmamasını dərk edər.

İlham Əliyev də çıxışına sülh mövzusu ilə nöqtə qoymaqla bir daha Bakının xoşməramlı siyasi strategiyasını nümayiş etdirdi:

“Ümid edirik ki, çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitlik, nəhayət, Cənubi Qafqazda bərqərar olunacaq. Azərbaycan regional sülhə və inkişafa töhfə verən, onun gücləndirilməsinə xidmət edən ardıcıl səylərini davam edəcək”.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir