Baş nazir Əli Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb – FOTO

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 18-də Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb.

Türkiyə parlamentinin sədri Mustafa Şentop görüşdə bildirdi ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri Türkiyədə böyük qürur və coşqu ilə qarşılanıb. Türkiyə Azərbaycan Prezidenti İlham Əliyevin Vətən müharibəsindən sonra irəli sürdüyü yeni regional əməkdaşlıq təşəbbüsünü dəstəkləyir.

Mustafa Şentop qeyd edib ki, yeni nəqliyyat dəhlizlərinin, Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin reallaşdırılması və gələcəkdə atılacaq digər addımlar muxtar respublikanın strateji önəmini daha da artıracaq.

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyənin 44 günlük Vətən müharibəsinin ilk anlarından ölkəmizin yanında olmasını minnətdarlıq hissi ilə qeyd edib. Baş nazir bildirib ki, işğaldan azad edilən torpaqlarda bərpa işləri başlayıb, bu bölgə dünyanın ən gözəl guşələrindən birinə çevriləcək və Türkiyə şirkətləri bu prosesdə ön sıralardadır.

Əli Əsədov, həmçinin Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin uğurla fəaliyyət göstərdiyini bildirib. Baş nazir vurğulayıb ki, dövlətlərimizin başçıları iki ölkə arasındakı ticarət həcminin 2023-ildə 15 milyard dollara çatdırılmasını strateji hədəf kimi müəyyənləşdiriblər. Azərbaycan və Türkiyə hökumətləri, özəl sektorun nümayəndələri bu hədəfin reallığa çevrilməsi üçün mövcud potensialdan istifadə etməlidirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir