Baş prokuror deputata vəzifə səlahiyyətlərini aşmaq maddəsi ilə cinayət işi açılmasının səbəbini izah etdi

“Eldəniz Səlimova qarşı 309.2-ci maddə ilə cinayət işi açılması hüquqa çərçivəsindədir. Hakimiyyət nümayəndələri həmişə vəzifəli şəxs sayılır. Milli Məclisin deputatları da klassik olaraq vəzifəli şəxslərdir. Cinayət Məcəlləsinin 315-ci maddəsi isə hakimiyyət nümayəndəsinə zor tətbit etməklə bağlıdır. Lakin burada xidməti vəzifə anlayışı var, yəni 315-ci maddə xidməti vəzifəsini yerinə yetirərkən hakimiyyət nümayəndəsinə zor tətbiq etmək halı ilə bağlıdır”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında Baş prokuror Kamran Əliyev Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi məsələsinin müzakirəsi zamanı deyib. 

Qeyd edək ki, deputat Erkin Qədirli Eldəniz Səlimova 309.2-ci maddə ilə iş açılmasına görə Baş prokurora sual ünvanlayıb. 

E.Qədirli bildirib ki, Konstitusiya Məhkəməsinin qərarında vəzifəli şəxslər deyərkən deputatlar nəzərdə tutulmayıb. 

Rəsmi məlumata əsasən, iyulun 29-da saat 01:00 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimov xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına zor tətbiq edib.

Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir