Bayden rus qatarlarını necə aşıracaq?

Qan Turalı yazır…

Rusiyanın Ukrayna ekspansiyası fonunda baş verən proseslərdə bir məqam diqqəti cəlb edir. 

İndi XXI əsrdir və bu müharibə də əsrin möhürünü daşıyır. 

Əsr isə informasiya texnologiyaları əsridir.

Bu ayın əvvəlində ABŞ Dövlət Departamentindən, Pentaqondan, adını gizlin saxlayan kəşfiyyatçı zabitdən gələn açıqlamalar bəlkə də hadisələrin gedişatını dəyişdi.
Onlar Rusiyanın dövriyyəyə buraxacağı saxta bir videodan danışırdılar.  

Video ukraynalıların rus etnik azlığa qarşı soyqırımı haqqında idi. 

Daşınan meyitlər, ağlayan analar, türk dronları, partlayışlar… 

Ssenaridə hər şey nəzərdə tutulmuşdu, xəbərin sıza bilməsi ehtimalından başqa…

Rusların indi düşündüyünü amerikalılar 1997-də düşünüb, filmini də çəkmişdilər.

Söhbət baş rollarını Dastin Hoffman və Robert De Nironun oynadığı “Wag the Dog” filmindən gedir. Filmdə ABŞ prezidenti öz seks qalmaqalını unutdurmaq üçün məşhur film prodüserinə saxta bir video hazırlatdırır.   

Filmi danışıb baxmaq həvəsinizi söndürməyim.  

Bəli, Rusiyanın filmi isə “rusca” oldu.  

İndi isə başqa bir  film başlayır…

Dünən “NBC News” kanalı ABŞ kəşfiyyat orqanları tərəfindən Baydenə Rusiyaya kiberhücum planının təqdim edilməsi barədə məlumat yaydı. 

Bu planla məşğul olan dörd şəxsin kanala verdiyi məlumata görə plan misli görünməmiş dərəcədə dağıdıcı olmalı idi.

Əməliyyat planı Rusiyada internet və elektrikin kəsilməsi, orduya hərbi təchizatı ləngitmək üçün qatar sistemlərinin bloklanması, təyyarələrin elektron sisteminə müdaxilə, bankların şəbəkə sistemini qarışdırmaq kimi radikal tədbirləri nəzərdə tuturdu. 

Xəbər hazırlandı, Ağ Evin münasibəti də soruşuldu.

Ancaq onlar bu haqda danışmaq istəmədilər.

Prezidentin mətbuat konfransına bir neçə saat qalırdı, xəbər efirə verildi və Ağ Ev dərhal xəbəri təkzib etdi.

Hərçənd  təkzibi normal qarşılamaq gərəkdir. Çünki Ağ Ev beynəlxalq hüquqazidd  aktı etiraf edərək məsuliyyəti öz üzərinə götürə bilməzdi. 

Bayden isə mətbuat konfransında Rusiyanın ABŞ-a kiberhücum təşkil edəcəyi halda ona sərt şəkildə cavab veriləcəyini elan etdi. 

O, bu sözləri suala cavab kimi demədi, qarşısındakı kağızdan oxudu. 

Yəni, hər şey əvvəldən hazırlanmışdı.

Bu sözlərlə prezidentin planı qəbul etdiyi məlum oldu. 

Beynəlxalq hüquqda kiberhücum hərbi müdaxilə kimi qiymətləndirilir. 

Ancaq qarşılılıq (retorsiya) prinsipi (Hücuma məruz qalanın əks-hücum hüququ) kiber əməliyyatı leqallaşdırır.

Kağızda da məsələ bu cür qoyulmuşdu. 

Kiber əməliyyatı Mərkəzi Kəşfiyyat İdarəsi (CİA), Milli Kəşfiyyat Agentliyi (NSA) və ABŞ Ordusunun Kibernetika Komandanlığı həyata keçirəcəyi bildirilir. 
Dünyada adı kiberhücumlarla yanaşı çəkilən üç ölkə var və nə işdirsə hər üç ölkənin də ABŞ-la münasibətləri gərgindir: Rusiya, Çin, İran. 

Ancaq “Google”, “Facebook”, “Youtube”, “Twitter” kimi sosial media tiranları ABŞ şirkətləridir. 

Dünyadakı bütün smart telefonlar (ABŞ-ın kənarlaşdırdığı Huavey istisna olmaqla) ABŞ şirkətlərinin istehsalı olan “Android” ya da “İOS” əməliyyat sistemindən istifadə edir. 

ABŞ dövlət orqanlarına bu şəbəkələrdən nəfəslik açıldığı şübhə doğurmur. 

Və bu ölkənin kibertəhlükəsizlik üçün ayırdığı büdcə sadəcə olaraq heyrət doğurur: 19 milyard dollar!

Kiberhücumlarda başqa ölkələrin adının hallanması da  ABŞ-ın uğurudur, necə deyərlər, tutulmayan oğru deyil. 

Və arxasında ABŞ-ın durduğu şübhə doğurmayan “Stuksnet” hadisəsini xatırlayaq… 

Almaniya istehsalı olan cihaz fabrikin beyni idi, elektrik, su, təzyiq kimi  prosesi nizamlayırdı. 

Virus da bu cihazın proqramı üçün yazılmışdı. 

Belə ki, uranın bölünməsi üçün sentrifuqa (sürətlə dönən cihaz) müəyyən bir dövrilikdə fırlanmalı idi. 

Ancaq fırlanmanı təmin edən motorların sürətinə müdaxilə edilirdi. 

Yəni, lazımı sürətdən aşağı ya da yuxarı sürət komandası verilir, lazımi səviyyədə saxlanılmırdı. 

Virus ikinci  mərhələdə isə motorlara verilən elektrik enerjisini artırıb azaldırdı.

Cihazın ekranında bu dəyişiklikləri görmək mümkün deyildi.

“Stuknets”in sayəsində İranın nüvə proqramı yubadıldı. 

Ləngiməyə görə nəinki ABŞ ittiham edilmişdi, hətta kiber müdaxilədən  heç kim xəbərdar olmamışdı.

Hadisədən bir il sonra avropalı mühəndislər bu virusun varlığını üzə çıxartdılar. 

Onların diqqətini virusun son dərəcə mürəkkəb və bənzərsiz olması cəlb etmişdi. 

Bir sözlə, bəlkə də başqa bir “Stuksnet” çoxdan öz işini davam etdirir. 

Hər kəsin ekspansiyaya şübhə ilə yanaşdığı günlərdə ABŞ rəsmilərinin əminliklə müharibə olacağı barədə bəyanatları da bəlkə də virusun əməlidir və kiberhücum çoxdan başlayıbdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.