Bez parçasına bərabər tutulan Fransa bayrağı və sülhməramlıların əvəzinə basdırılacaq dirəklər…

Tarix yalnız parlaq qələbələri, qazanılmış nailiyyətləri və ya uğurları yazmır, onun tozlu səhifələri arasında eyni zamanda ən iyrənc hadisələri də görmək mümkündür.

Həmin utanc səhifələrinə nəzər salsaq, Fransa adı çox tez-tez qarşımıza çıxacaq. Ancaq tarixi öz qanlı, çirkin əməlləri ilə kirlədən Fransa müasir dövrdə də bu iyrənc “ənənə”dən çəkinmədiyini açıq-aşkar göstərir. Hətta iş o yerə çatıb ki, artıq Fransa üçün sözügedən tozlu səhifələr belə kifayət etmir, bu dövlətin siyasəti özü birbaşa qaranlıq tarixə çevrilib.

Əlində Əlcəzair, Vyetnam, Cibuti, Çad, Qabon, Tunis kimi ölkələrdə qətlə yetirilmiş milyonlarla insanın qanı olan Fransa bu çirkin xislətini XXI əsrdə bir qədər fərqli şəkildə ortaya qoyur.  

Elm, texnologiya əsrində Parisin özü üçün zəngin “ənənə”lərinə uyğun erməniləri “dost” seçməsi də bu baxımdan təsadüfi xarakter daşımır. Bu münasibətin müttəfiqlik, dostluq, yoxsa əlaltılıq olmasını ayırd etmək olduqca çətindir, lakin asan anlaşılan bir şey var ki, o da ermənilərlə fransızların əlbir hərəkət etdiyi situasiyaların heç bir halda bəşəriyyətin maraqlarına cavab verməməsidir.

Məsələn, bu iyrənc dostluğun son əməlinə – fransız “siyasətçi” Valeri Pekrezin Azərbaycan Respublikasının Xankəndi şəhərinə qalmaqallı “səfər”inə  diqqət yetirək. Hər halda bu xanımı “siyasətçi” adlandırmaq üçün kifayət qədər əsaslarımız var. Çünki beynəlxalq prinsip və hüquqlardan xəbərsiz olmaq və ya göz görə-görə onu kobudcasına pozmaq heç bir halda siyasətçi adına yaraşmır. Ancaq onun fransız siyasətçi olduğunu qeyd etdikdə artıq bu şəxsin fəaliyyətinin arxasına istənilən məkrli əməli, riyakarlığı və ikiüzlülüyü əlavə etmək olar.

Sözsüz ki, Valeri Pekrez kimi dırnaqarası siyasətçini Xankəndinə gedərkən müşayiət edənlər də olub. Onunla birlikdə həmkarı – yenə də “siyasətçi” Bruno Retayo da (Fransa senatındakı Respublikaçılar Partiyası qrupunun rəhbəri) Azərbaycan Respublikasının suveren ərazisinə qanunsuz daxil olub.

Valeri Pekrezi müşayiət edən bu şəxs isə nəinki beynəlxalq hüquqdan, hətta ən adi etik qaydalardan belə xəbərdar deyil, desək yanılmarıq. Əks halda Retayo etdiyi qanunsuzluğu bəh-bəhlə sosial şəbəkə hesabında paylaşacaq qədər azğınlaşmazdı. Onun bu azğınlığı, riyakarlığı daha bir faktın üstünü açmazdı: Retayonun paylaşdığı fotodan aydın olur ki, hazırda Rusiya sülhməramlılarının müvəqqəti xidmət apardığı Xankəndidə Frankofoniya Beynəlxalq Mərkəzi hələ də fəaliyyət göstərir. Retayonun paylaşımında eyni zamanda mərkəzin binası önündə separatçıların bez parçası ilə yanaşı Fransa bayrağının da dalğalandığı görünür.

Sual yaranır, illərlə öz üzərinə münaqişənin nizamlanmasına həmsədrlik missiyasını götürmüş bir dövlətin separatçılarla, terrorçularla bu cür yaxın münasibət qurmağa haqqı varmı? Azərbaycan Respublikasının suveren ərazisində Fransa dövlətinin bayrağı Bakının icazəsi olmadan fəaliyyət göstərən bir qurumun önündə necə qaldırıla bilər? Bu vaxta qədər öz ali missiyasından irəli gələn bütün vəzifələrinə xəyanət edən Rusiya sülhməramlıları sözügedən vəziyyəti necə görməyə, müdaxilə etməyə bilər? Suallar çox, cavabları isə mürəkkəb olaraq qalır.

Bəlkə də, Fransa baxımından baş verənlər sadəcə böyük bir riyakarlıq tamaşasından ibarət ola bilər.  Bu “səfərin” arxasında fransız siyasətçilərin erməni diasporunun pulları, ermənilərin səsləri üçün “mübarizəsi” dayana bilər. Ancaq məsələnin mahiyyəti heç bir halda bu qədər sadə deyil. Çünki öz mənfəətləri naminə qanunları pozmağa çəkinmədən əl atan fransız siyasətçilər, həm də daha bir qalmaqalı ifşa edib, bununla da həyasızlıqda heç bir sərhəd tanımadıqlarını göstəriblər.

Onların bu əməli isə mənsub olduqları dövlətin hazırkı siyasi arenasının real mənzərəsini növbəti dəfə ortaya qoyur: Öz mənfəəti uğrunda bütün dəyərləri tapdalamaq, hüququn prinsiplərini görməzdən gəlmək və bunu utanmadan nümayiş etdirmək…

Frankofoniya Beynəlxalq Mərkəzi isə görünür öz ölkəsinin siyasi mənzərəsinin əyani təzahüründən başqa bir şey deyil. Başqa bir dövlətin ərazisində qanunsuz şəkildə mövcudluğunu davam etdirmək, terrorçularla əməkdaşlıq etmək ən yüngül şəkildə elə terroru dəstəkləmək, Azərbaycan dövlətinə qarşı separatçılıq fəaliyyətlərini təşviq etmək anlamına gəlir.

Mərkəzin binası qarşısında Fransa bayrağının dalğalanması isə mahiyyətcə onu yanaşı dayandığı bez parçası ilə eyniləşdirir. Bu fikri söyləməyə ortada olan real mənzərə əsas verir. Əgər bir dövlət, onu təmsil edən siyasətçi, mərkəz öz bayrağını separatçıları, terrorçuları təmsil edən, bez parçası ilə yanaşı ucaldıb, bu mənzərənin fonunda riyakarcasına təbəssüm edəcək qədər alçalmağı özünə rəva bilirsə, demək ki, o bayrağı da həmin bez parçası ilə eyniləşdirir. İstənilən halda Fransa dövləti üçün bu rüsvayçılıq, bu utanc kifayət qədər ağırdır.

Ancaq Fransa siyasətinin tarixinə daha bir qara ləkə salmaqdan çəkinəcəyini düşünmək sadəlövhlük olar. Onu da qeyd etmək gərəkdir ki, sözügedən hadisələr regiondakı kövrək sülh mühitinə birbaşa xələl gətirir. Fransa dövlətini təmsil edən şəxs və təşkilatlar açıq şəkildə terrorçulara dəstək verməklə onların revanşist, radikal fikirlərinin alovlanmasına zəmin yaradır. Fransa bu əməli ilə növbəti dəfə bəşəriyyətə, beynəlxalq hüquqa xəyanət edir.

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti fəaliyyət göstərən sülhməramlılara gəldikdə isə artıq həqiqətən sözün bitdiyi yerə gəlirik. Bu missiya üzvlərinin hansı məramı daşıdığı qaranlıq olaraq qalır. Əgər vəzifələri ermənilərin qeydinə qalmaqdırsa, bunu çox yüksək səviyyədə edə edirlər, sadəcə bərəkallah.

Yox, əgər üzərilərində sülhməramlı forması, vəzifəsi, missiyası varsa, o zaman buna riayət etsinlər. Sülhməramlıların vəzifəsi sülhə töhfə vermək, sabitliyi qorumaq və təxribatların qarşısını almaqdır. Xankəndidə ermənilərin hər cür qulluğunda dayanan Rusiya sülhməramlıları necə olub ki, bu zamana qədər Fransa bayrağının dalğalandığı həmin binanı görməyiblər? 1 960 ədəd sülhməramlıdan biri belə özünə sual verməyibmi, bizim burada məqsədimiz nədir? Hansı dövlətin ərazisindəyik? Burada, Azərbaycan ərazisində Fransanın mərkəzi kimin icazəsi ilə fəaliyyət göstərir, onunla yanaşı həmin o bez parçası hansı haqla orada dalğalanır?

Bu sualları özünə verən bir nəfər belə olmadığı üçün məhz sülhməramlılara münasibətdə 1 960 ədəd olduqlarını söyləmək olar. Çünki onların fəaliyyəti mahiyyətcə cansız əşyadan fərqlənmir, müqəvva tək olub-bitənləri seyr etmək, hansısa təxribata reaksiya belə verə bilməmək, o anlama gəlir ki, həmin o postdakı, yoldakı, məntəqədəki sülhməramlıların əvəzinə 1 960 ədəd sülhməramlı dirək belə basdırmaq olar. Bu günə qədər apardıqları xidmətə əsaslanıb əminliklə deyə bilərik ki, həmin dirəklərin sülhə töhfəsi heç də sülhməramlılardan az olmayacaq.

İstər Fransanın məkrli, riyakar siyasətçiləri olsun, istərsə də sülhməramlıların yarıtmaz fəaliyyəti – bütün bunlar Azərbaycan dövlətinin və xalqının diqqətindən yayınmır. Bütün bunlara hər zaman olduğu kimi lazımı qaydada cavab veriləcəyindən də heç kimin şübhəsi yoxdur. Əsas olan isə bir ali həqiqəti bilməkdir. Sülhməramlı missiya Azərbaycan Respublikasının ərazilərində müvəqqəti fəaliyyət göstərir. Bu müvəqqəti fəaliyyət dövründə ermənilərə ali həqiqəti – Azərbaycanın ərazi bütövlüyünün əbədi olaraq bərpa edildiyini başa salmaq əvəzinə, onların daxilindəki iyrənc xislətləri alovlandıracaq addımlar atmaq Fransa kimi dövlətlərin erməniləri əlində oyuncağa çevirməsindən başqa bir şey deyil. Müvəqqəti dövr mütləq başa çatacaq və o zaman gəldikdə nə bizdən icazəsiz Fransanın bayrağını dalğalandırmağa cürət edə biləcək biri, nə də buna göz yumacaq bir sülhməramlı olmayacaq. Bez parçası ilə bir tutulan Fransa bayrağı və dirəklərdən daha faydasız sülhməramlılar isə müvəqqəti missiya başa çatdıqdan sonra da utanc mənbəyi kimi tarixdə öz rəzil yerini tutmağa davam edəcək…

Orxan Tağıyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir