Birinci vitse-spiker Azərbaycanın Qoşulmama Hərəkatındakı rolunu şərh etdi

“2021-ci ildə yaradılmasının 60 illik yubileyinin qeyd olunduğu, BMT-dən sonra dünyada ikinci böyük təşkilat olan və ətrafında dünyanın 120 dövlətinin birləşdiyi Qoşulmama Hərəkatının təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayanır. Bu baxımdan mövcud mürəkkəb və qlobal çətinliklər beynəlxalq miqyasda onun aktuallığını və əhəmiyyətini daha da artırmaqdadır”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli məqaləsində bildirib.

O qeyd edib ki, bu ailənin üzvü olduğu cəmi 10 il ərzində ölkəmiz Hərəkatda olduqca böyük nüfuz və etimad qazanıb.

Birinci vitse-spiker bildirib ki, bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur.

“2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana həvalə edilməsi isə dövlətimizin böyük diplomatik uğurudur.

Bütün bu müddəalar Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin 2021-ci il 13 iyul tarixində keçirilmiş aralıq konfransının mahiyyətində öz əksini tapıb. Forumda geniş nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev bu və digər məsələlər barədə öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. O bildirib ki, ötən müddət ərzində ölkəmiz beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb.

Təşkilata çərçivəsində Azərbaycanın rolu və yeri ölkəmizin sağlam və effektiv əməkdaşlığa xidmət edən yeni mühüm təşəbbüsləri və əldə olunan müsbət nəticələrlə səciyyəvidir. 2019-cu ilin oktyabr ayında Azərbaycan Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünü uğurla təşkil edib. Azərbaycanın sədrliyi ilə səhiyyə və əmək nazirlərinin onlayn toplantıları keçirilib. Digər sahəvi nazirliklər səviyyəsində də görüşlərin keçirilməsi nəzərdə tutulub. Qoşulmama Hərəkatının Bakı Zirvə görüşündə aldığı mandata əsasən, Azərbaycan sədr qismində təşkilat üzrə gənclərin institusional şəbəkəsinin yaradılmasının mümkünlüyünü nəzərdən keçirir. Eyni zamanda, Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin əməkdaşlığının parlamentlərarası istiqamətini də inkişaf etdirmək niyyətindədir”, -d eyə Əli Hüseynli yazıb.

Deputat xatırladıb ki, ölkəmizin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşü keçirilib.

“Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan xüsusilə pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təkliflər irəli sürüb. Təşkilat adından Azərbaycanın irəli sürdüyü BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi barədə təklif BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənmiş və 2020-ci il dekabrında reallaşıb.

Azərbaycan öz humanitar missiyasını məsuliyyətlə icra edir. Dövlətimiz pandemiya ilə mübarizə sahəsində 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub. Qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi”nə qarşı çıxış edən Azərbaycan ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınayır. Bu məsələyə münasibətdə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb və həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib”.

Dövlətimizin başçısı dünyanın pandemiyadan daha yaxşı şəkildə çıxması üçün zəruri qlobal tədbirlərin vacibliyi və əhəmiyyəti və Qoşulmama Hərəkatı tərəfindən COVID-19-dan sonra qlobal bərpaya dair BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılmasının məqsədəmüvafiqliyi ilə bağlı rəy söyləyib.

O deyib ki,  Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkatın mövqeyinin və nüfuzunun gücləndirilməsi sahəsində birgə səylər göstərməkdə davam edəcək.

Əli Hüseynli qeyd edib ki, pandemiyadan sonra bərpa mərhələsinə dair fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin müəyyən edilməsi baxımından Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsi faydalı ola bilər.

“Qeyd etmək yerinə düşər ki, quruma sədrliyi dövründə Azərbaycan digər beynəlxalq təsisatlarla etibarlı körpülərin yaradılmasına da müvəffəq olub. Tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə iştirak ediblər. Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyib. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir.

Cənab İlham Əliyev Qoşulmama Hərəkatının 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərimizdəki rolunu Azərbaycana göstərilən önəmli beynəlxalq dəstək kimi qiymətləndirərək bildirmişdir ki, bu təşkilatın beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyi çox qiymətlidir. Bakı Zirvə görüşünün Yekun Sənədində Qoşulmama Hərəkatı ölkələri ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini vurğulamışlar və təsdiq ediblər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq. BMT Təhlükəsizlik Şurasının bəzi üzvlərinin təklifi ilə Azərbaycana qarşı qərəzli bəyanatın qəbul etdirmək cəhdlərinin Qoşulmama Hərəkatının yeddi üzvünün etiraz təkidinə tuş gəlməsi isə Azərbaycanın diplomatik uğurunun göstəricisi olmaqla yanaşı, həm də Qoşulmama Hərəkatı ölkələrinin qətiyyətli mövqeyinin, onların “Bandunq prinsipləri”nə və Hərəkatın dəyərlərinə sadiqliyinin nümayişidir.

Prezident İlham Əliyev qeyd etmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin son qoyulduğu 2020-ci ili Azərbaycan üçün əlamətdar il olub. Belə ki, Hərəkatın gündəliyində duran vacib məsələlərdən biri uğurla həll edilib. Hazırda azad edilmiş ərazilərdə yenidənqurma işləri başlanıb. Yüz minlərlə məcburi köçkünün doğma yurdlarına ləyaqətli və təhlükəsiz qayıdışı başlıca prioritet kimi müəyyənləşib. Yenidənqurma prosesi və məcburi köçkünlərin evlərinə qayıdışı ilə bağlı qarşıda duran məsələlərin həllində əsas çətinliyin Ermənistan tərəfindən basdırılmış çoxsaylı minalarla bağlı olduğunu diqqətə çatdıran dövlətimizin başçısı müharibədən sonrakı dövrdə mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşının həlak olması, 100 nəfərdən çox insanın isə yaralanması barədə faktları növbəti dəfə bəyan edib. O, Ermənistan mina xəritələrini verməkdən boyun qaçırdığını vurğulayaraq azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana verməsi üçün beynəlxalq ictimaiyyəti Ermənistana təsir göstərməyə çağırıb”, – deyə Əli Hüseynli fikrini yekunlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir