BMT Ermənistanı yezidi hüquq müdafiəçisinə qarşı təqibi dayandırmağa çağırdı

Ermənistan hakimiyyəti Yezidi İnsan Haqları Mərkəzinin qurucusu Saşik Sultanyana qarşı təzyiqləri dayandırmalıdır.

Bununla bağlı bəyanat BMT insan haqları müdafiəçiləri tərəfindən verilib.

Onların sözlərinə görə, yezidilər kimi azlıqlar milli təhlükəsizliyə təhdid deyil və azlıqların hüquqlarının pozulması ilə bağlı narahatlığı bildirmək – nifrəti qızışdırmaq və ya zorakılığı təbliğ etməklə eyni deyil.

BMT insan haqları fəalları Ermənistan hökumətini Sultanyana qarşı cinayət ittihamlarını ləğv etməyə çağırıblar. Bu, ekspertlərin fikrincə, fəalın və azlıqların hüquqlarını dəstəkləyən hər bir kəsi qorxutmaq cəhdidir.

“Sultanyan və onun təşkilatının nümayəndələri kimi şəxslər Ermənistan hakimiyyətinin diqqətini insan haqları sahəsindəki problemlərə yönəltməkdə mühüm rol oynayırlar”, – deyə hüquq müdafiəçiləri bildiriblər.

Onlar əlavə ediblər ki, hökumət şikayətlər barədə birbaşa yezidilər, həmçinin digər azlıqlarla danışmalı və onları susdurmaq üçün uydurma cinayət ittihamlarından istifadə etməməlidir.

Qeyd edək ki, Ermənistandakı yezidi icmasının hüquqlarını dəstəkləyən Saşik Sultanyan etnik və dini ədavəti qızışdırmaqda ittiham olunur. Ermənistan Milli Təhlükəsizlik Xidməti ötən il onlayn mənbələrdən birinə verdiyi müsahibə əsasında ona qarşı cinayət işi qaldırıb. Sultanyanı üç ildən altı ilə qədər həbs cəzası gözləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir