BMTM sədri: “Azərbaycan Avropa İttifaqının şərtlərinə əməl etsə, iqtisadiyyatı uçuruma gedər” – MÜSAHİBƏ

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) sədri Fərid Şəfiyevin Oxu.Az-a müsahibəsi:

– Dekabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla Brüsseldə növbəti danışığının baş tutması gözlənilir. Sizcə, Soçi görüşündən sonra danışıqların bu raundundan hansısa əsaslı nəticə gözləməyə dəyərmi, yoxsa bu, sırf texniki xarakter daşıyacaq?

– Azərbaycan hər platformadan istifadə etməyə çalışır ki, Ermənistanı sülhə məcbur etsin. Düzü inanmıram ki, Brüssel görüşündə tutarlı nəticələr əldə olunsun. Ancaq humanitar sahədə nəyəsə nail olmaq mümkündür. Hələ ki, Ermənistan tərəfindən sərgilənən mövqe konstruktiv deyil, hətta deyərdim ki, nəqliyyat dəhlizlərinin açılması üçün üçtərəfli komissiyada (Azərbaycan, Rusiya, Ermənistan) aparılan danışıqlarda narazılıqlar yaranıb. Ona görə də Brüssel görüşündən böyük bir gözləntim yoxdur.

– Digər bir məsələ: Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” adlı sənədin imzalanması gecikir, hərçənd ki, sazişin 90 faizi hələ müharibədən öncə razılaşdırılmışdı. Avropa İttifaqının Azərbaycandan iki əsas tələbi var: Dünya Ticarət Təşkilatına üzvlük və qazın idxal qiyməti ilə ixrac qiymətinin eyniləşdirilməsi. Postmünaqişə dövrünün gətirdiyi risklər, üstəgəl fikir ayrılığı bu sənədin imzalanmasını təxirə salacaqmı?

– Mənim bildiyim qədərilə açıq qalan məsələlərlə bağlı razılıq əldə olunmayıb. Azərbaycan qazın qiymətini onlar istədiyi səviyyədə qoymayacaq. Azərbaycan Avropa İttifaqının şərtlərinə əməl etsə, o zaman iqtisadiyyatı uçuruma gedər. Dünya Ticarət Təşkilatına gəlincə, bu qurumun özündə də fikir ayrılıqları mövcuddur. Buna görə də, Avropa İttifaqının tələblərini əsassız saymaq olar. Avropa İttifaqı yalnız və yalnız öz tələblərindən geri çəkilməlidir.

– Sizin də müəyyən dairələrdən aldığınız məlumatlar var, bəs Avropa Birliyinin iki tələbindən geri çəkilməsinə dair siqnallar daxil olubmu?

– Düzünü deyim ki, müəyyən siqnallar var idi. Təxminən iki ay öncə Avropa Birliyinin bir nümayəndəsi ilə danışığımda belə bir siqnal almışdım. Ancaq görünən odur ki, hələ bir nəticə yoxdur.

– Postmüharibə dövründə Azərbaycanın xarici siyasətinin xarakterini necə izah etmək olar? Qərbə strateji baxışmı üstünlük təşkil edir, yoxsa Qərbin əks qütbündə dayanan Rusiya ilə münasibətlərə üstünlük verilir?

– Azərbaycan həmişə çalışır ki, balanslı siyasət aparsın və buna əməl edir. Azərbaycan hökumətinin də, ictimaiyyətinin də Qərblə bağlı müəyyən narazılıqları var. Torpaqlarımız işğal altında qalanda Qərb bu işə əncam çəkmək istəmirdi. Ancaq Azərbaycan Ermənistan üzərində qələbə qazandıqdan sonra Qərb birdən-birə narahat oldu. Bununla belə Qərb Azərbaycan üçün vacib tərəfdaşdır. Bakının mövqeyi aydındır: Bəzi məsələlərdə, o cümlədən uzunmüddətli sülhün təmini məsələsində hər hansı ölkəyə monopoliya vermək olmaz. Bu baxımdan gözləmirəm ki, Azərbaycanın ənənəvi balanslı xarici siyasəti köklü dəyişikliyə məruz qalsın.

– Gürcüstanın Zəngəzur dəhlizinə qoşulması ilə bağlı tərəddüdləri mövcuddur. Ancaq Azərbaycan, Türkiyə və Gürcüstanı üçtərəfli ortaq strateji maraqlar birləşdir. Bakı da, Ankara da Tbilisini dəhlizə gətirmək istəyir. Belə olan təqdirdə, Gürcüstanın Zəngəzur dəhlizinə qoşulmaq ehtimalları güclənirmi?

– Gürcüstanda məsələ heç də biz düşündüyümüz kimi deyil. Gürcüstan dəhlizə etiraz etmir, Gürcüstan “3+3” formatında iştirak etmək istəmir. Gürcüstanda narahatlıq budur ki, Zəngəzur  dəhlizi açıldıqdan sonra Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti azalacaq. Ancaq bu yanaşma düzgün deyil, çünki postpandemiya dövründə Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə ticarət dövriyyəsi daha da artacaq. Bəzi ekspertlər isə Zəngəzur dəhlizinin Gürcüstana iqtisadi faydalar gətirəcəyini düşünür. Ümumi mənzərə budur ki, Gürcüstan dəhlizə etiraz etmir.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir