Bolqarıstan KİV-ləri Xocalı soyqırımının 29-cu ildönümü barədə yazır – FOTO

Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan Xocalı soyqırımının 29-cu ildönümü Bolqarıstanın informasiya məkanında da işıqlandırılıb. 

Belə ki, “Cross” xəbər portalında Xocalı soyqırımının canlı şahidi Dürdanə Ağayevanın “Xocalıda sağ qalmaq: Yada salmaq ağrılı, yaddan çıxarmaq mümkünsüzdür” başlıqlı məqaləsi, “Fokus” xəbər portalında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin müdiri Natiq Məmmədzadənin “Xocalı soyqırımı: tarixi ədalət faciənin ədalətli qiymətləndirilməsini tələb edir” başlıqlı məqaləsi, www.bgnesagency.com xəbər portalında Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılovanın “Davamlı sülhün ilkin şərti ədalətdir!” başlıqlı məqaləsi çap olunub.

Ermənistan silahlı qüvvələri tərəfindən törədilən amansız qətliamı təsvir edən qanlı hadisələrin şahidləri Xocalıda baş verən hadisələrin hərbi tələbdən irəli gəlmədiyini və məhz azərbaycanlı olduqları üçün silahsız və günahsız mülki şəxslərə qarşı açıq-aşkar soyqırımı aktı olduğunu diqqətə çatdırmışlar. Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın bu ölkənin müdafiə naziri olduğu dövrdə Böyük Britaniyadan olan jurnalist Tomas de Vaala verdiyi müsahibədə azərbaycanlılar tərəfindən düşünülən “ermənilərin mülki insanlara qarşı əl qaldıra bilməyəcəyi” stereotipinin Xocalıda sındırıldığını etiraf etdiyi də məqalələrdə öz əksini tapıb. 

Məqalələrdə 2020-ci ildə Azərbaycanın işğal altında olan torpaqlarını azad etdiyi və öz ərazi bütövlüyünü bərpa etdiyi vurğulanmış, Xocalıda olduğu kimi, Vətən müharibəsi dövründə də Ermənistanın dinc sakinləri hədəf aldığı və nəticədə uşaqlar da daxil olmaqla çoxlu sayda mülki azərbaycanlının qətlə yetirildiyi və yaralandığı diqqətə çatdırılıb, həm Xocalı soyqırımını, həm də son müharibə cinayətlərini törədənlərin hələ də cəzasız qaldıqları qeyd olunub.

Məqalələrdə 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası nəticəsində Xocalıda kütləvi soyqırımın insan haqları və beynəlxalq humanitar hüququn kobud pozuntusu olması barədə dünya ictimaiyyətində məlumatlılığı artırdığı və bir sıra beynəlxalq təşkilatlar tərəfindən bu hadisənin pisləndiyi də qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir