Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü: “Qərbi Balkanlarda sülhə təhdid var”

“Avropa İttifaqı 8 ildir genişlənmir. Böyük Britaniya da Avropa İttifaqını tərk edib”.

APA-nın xəbərinə görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç deyib.

O bildirib ki, Balkan ölkələrinin Avropa İttifaqına üzv olması təşkilatı gücləndirə bilər.

Şefik Caferoviçin sözlərinə görə, Bosniya və Herseqovina Avropa İttifaqına üzv olmaqda maraqlıdır.

O qeyd edib ki, pandemiya Avropa İttifaqının gələcəyinə təhdiddir:

“Qərbi Balkanlarda sülhə təhdid var. Bosniya və Herseqovina sülh sazişindən sonra bir çox nailiyyətlərə imza atıb. Bosniya və Herseqovina 60 min sülhməramlının ərazisindən çıxmasından sonra da sabitliyini qoruyub saxlaya bildi. Biz bu gün Bosniya və Herseqovinada sabitliyi, sülhü və anlaşmanı geniş şəkildə təmin edirik. Baxmayaraq ki, Serbiya tərəfindən müəyyən hədələr var. Serbiyada pandemiya ilə əlaqədar ölümlər də çox yüksək səviyyədədir”.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü vurğulayıb ki, ölkəsi hər zaman sülhə tərəfdar olub, hədələrin qarşısında baş əyməyib:

“Avropada sülhün qorunması çox vacibdir. Qərbi Balkanlarda sərhədlər müəyyən edilib, hər hansı sərhəd dəyişikliyi yolverilməzdir. Bizim artıq Avropa İttifaqı ilə assosiativ sazişimiz var. Bosniya və Herseqovina NATO-ya da üzv olacaq. İnanıram ki, başımızın üzərindəki qara buludlar dağılacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir