Böyük uğurlar ili: Diplomatiyamız – gələcəyə açılan qapılardır – TƏHLİL

Azərbaycan 2021-ci ili 2020-ci ildə qazanılan qələbənin nəticələrinin praktik addımlarla möhkəmləndirilməsinə, özünün siyasi, iqtisadi və hərbi gücünün daha da artırılmasına həsr edib.

Bu barədə Kaspi qəzeti məqalə dərc edib.

Beynəlxalq münasibətlər sistemində regional və qlobal miqyasda uğurlu layihələrə imza atan, 30 illik işğala yalnız öz hərbi gücü ilə son qoyan, ərazi bütövlüyünü təmin edən Azərbaycan yola saldığımız 2021-ci ili sabitlik şəraitində yaşayıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində cari ildə də mühüm ictimai, siyasi, iqtisadi və sosial uğurlar qazanılıb.

Ötən bir ilə nəzər saldıqda daha qabarıq görünən hadisə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı Üçtərəfli Bəyanatın tələblərinin 2021-ci ildə həyata keçirilməsi məqsədilə atdıqları addımlardır. Bu kontekstdə Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Azərbaycan dövlət başçısı İlham Əliyevin yanvarın 11-də Moskvaya, noyabrın 26-da Soçiyə işgüzar səfərlərini xatırlaya bilərik. Kremldə və Soçidə prezidentlər İlham Əliyev, Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşlər keçirilib. Birinci görüşün nəticəsi olaraq, bölgədəki vəziyyətin inkişafına dair birgə Bəyanat imzalanıb.

Prezident İlham Əliyevin təbirincə desək, bu Bəyanat çox böyük perspektivlər açır. Bəyanatda qeyd olunanların bizim üçün əhəmiyyəti ondan ibarətdir ki, Zəngəzur dəhlizinin açılması, nəzərdə tutulan layihələrin reallaşması sayəsində ölkəmiz 30 ildən artıq müddətdən sonra Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə əlaqə imkanı qazanır. Azərbaycan Naxçıvan ərazisindən keçməklə Türkiyə bazarına çıxış əldə edir.

Regionda vəziyyətin yaxşılaşması, əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində görülən və görüləcək işlər cari ildə Azərbaycan, Rusiya və Türkiyə prezidentlərinin bilavasitə nəzarətində olub. Yola saldığımız ilin ən önəmli hadisələri sırasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad olunmuş ərazilərə səfərlərini, iki dövlət arasında müttəfiqliyin tamamilə yeni mərhələyə qədəm qoymasını göstərmək olar.

İyunun 15-də Şuşaya gələn Türkiyə dövlət başçısı Azərbaycanın mədəniyyət paytaxtında keçirilən mərasimdə iştirak edib. Ardınca prezidentlər təkbətək görüşüb və “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzalayıblar. Oktyabrın 26-da isə Füzuliyə gələn Türkiyənin dövlət başçısı Azərbaycan Prezidenti ilə birlikdə Qarabağın giriş qapısının – Füzuli Beynəlxalq Hava Limanının açılışını edib, Zəngəzur dəhlizinin – Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoyub.

Xatırladaq ki, Şuşa Bəyannaməsində bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və digər sahələr əhatə olunur. Enerji təhlükəsizliyinin – Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir. Bəyannamədə müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri də əksini tapıb.

Prezident İlham Əliyev bunu tarixi nailiyyət kimi xarakterizə edib:

“Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.

Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır”.

Regional təhlükəsizlikdən, bölgədə əməkdaşlıq mühitindən danışarkən Azərbaycan-İran münasibətlərindən danışmamaq qeyri-mümkündür. Vətən Müharibəsindən sonra bəzi Tehran rəsmilərinin Azərbaycan ünvanına həqiqətə uyğun olmayan, reallıqdan uzaq fikirlər səsləndirməsi ölkələrarası münasibətlərdə “sərinlik” yaratsa da, sonradan bu məsələ müsbət sonluqla bitib.

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən XV Zirvə Toplantısı çərçivəsində Azərbaycan və İran prezidentlərinin görüşü olub. İran Prezidenti Seyid İbrahim Rəisi Tehran rəsmilərinin azərbaycanlı həmkarları ilə apardıqları danışıqların, müzakirələrin ölkələrimizin münasibətlərini daha da dərinləşdirəcəyini, irəliyə aparacağını və əlaqələrimizi möhkəmləndirəcəyini bəyan edib. Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiklərini bildirən İran Prezidenti “Buyurun, biz Sizin xidmətinizdəyik”, – deyə fikrinə yekun vurub.

Prezidentlər söhbət zamanı Azərbaycan ilə İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bundan faydalanacağı və bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanları vurğulanıb. Sonda Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “İran İslam Respublikasının ərazisindən təbii qazın tranzit şərtlərini müəyyənləşdirən Saziş” imzalanıb.

Ən nəhayət, dekabrın 14-də Belçika Krallığının paytaxtı Brüsseldə keçirilən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitini də Azərbaycan üçün uğurlu hadisə hesab edə bilərik. Brüsseldə istər Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, istərsə də Fransa prezidenti Emmanuel Makronla Azərbaycan dövlət başçısı və Ermənistan baş naziri arasında keçirilən üçtərəfli görüşlərdə avropalılar Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək nümayiş etdiriblər.

NATO-nun Şimali Atlantika Şurasının Brüsseldə keçirilən iclasında bu hərbi ittifaqa üzv dövlətlər tərəfindən də ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunub. Bu mövqe NATO-nun Sammitə dair sənədlərində təsbit olunub. Bununla Azərbaycan yola saldığımız 2021-ci ildə Ermənistan üzərində hərbi zəfərini qoruyub saxlamaqla bərabər, siyasi, diplomatik cəbhədə davamlı qələbələr qazanıb, müttəfiqləri ilə əlaqələrini möhkəmləndirib. Azərbaycan beynəlxalq birliyin layiqli üzvü kimi müstəqil siyasət aparan, milli-dövlətçilik maraqlarını prinsipiallıqla qoruyan ölkə olduğunu nümayiş etdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir