Britaniyalı parlamentari: “Ermənistanın hərbi-siyasi rəhbərliyi növbəti avantüra və hərbi təxribata əl atıb”

Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycanla dostluq qrupunun sədri Bob Blək Prezident İlham Əliyevə müraciət edib. 

AZƏRTAC-ın yayımladığı müraciətdə deyilir:

“Hörmətli cənab Prezident.

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi son silahlı təcavüz ilə əlaqədar Sizə yazıram.

Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də saat 06:00 radələrində atəşkəs rejimini kobud şəkildə pozaraq iriçaplı silahlardan, minaatanlardan və artilleriyadan istifadə edərək Azərbaycanın Silahlı Qüvvələrinin mövqelərini intensiv atəşə məruz qoyması ilə bağlı xəbərləri oxuduqda çox kədərləndim.

Bu fürsətdən istifadə edərək, Azərbaycanın hərbi qulluqçularının Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri əks-hücum tədbirləri gördüyü bir vaxtda öz dəstəyimi bildirmək istəyirəm.

Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərində faciəvi şəkildə həyatını itirən mülki şəxslərin yaxınlarına başsağlığı verir, yaralananlara şəfa diləyir, eləcə də bir çox evlərə və mülki infrastruktura dəymiş geniş ziyandan hiddətləndiyimi bildirirəm.

Cəbhə xətti boyunca sıx məskunlaşmış mülki ərazilər və qurğular Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən hədəfə alınıb və bombalanıb. Ermənistan silahlı qüvvələri cəbhəboyu yaşayış məntəqələrini bombalamağa davam edirlər.

Aydındır ki, Ermənistanın yaşayış məntəqələrini və mülki insanları qəsdən hədəfə alması 1949-cu il tarixli Cenevrə Konvensiyası da daxil olmaqla, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Mülki əhalinin hədəfə alınması Ermənistanın silahlı qüvvələrinin döyüş planına daxil edilmiş bir taktikadır və 1992-ci ilin fevralında törədilmiş Xocalı soyqırımı da bunun əyani sübutudur.

Ermənilərin iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini, mülki şəxsləri və mülki infrastrukturu atəşə tutması Beynəlxalq hüquqa əsasən Azərbaycana qarşı növbəti hərbi təcavüz və güc tətbiqi aktıdır.

Azərbaycan Ermənistanın yeni təcavüz aktına və fəal şəkildə müharibəyə hazırlaşması barədə beynəlxalq ictimaiyyətə dəfələrlə xəbərdarlıq edib. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qalması regional sülhə və təhlükəsizliyə çox ciddi təhlükə olaraq qalmaqdadır.

BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi müzakirələri fonunda, dünyanın COVID-19 pandemiyasına qarşı mübarizə apardığı bir vaxtda Ermənistanın hərbi-siyasi rəhbərliyi növbəti avantüra və hərbi təxribata əl atıb. Ermənistan rəhbərliyi bu hərəkətləri ilə bir daha beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq ictimaiyyətə kobud hörmətsizlik nümayiş etdirib.

Mövcud vəziyyətə və hadisələrin gələcək inkişafına görə tam məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Beynəlxalq ictimaiyyət tərəfindən razılaşdırıldığı kimi, bütün Dağlıq Qarabağ bölgəsinin Azərbaycana qaytarılmasını və məcburi köçkünlərin təhlükəsiz şəraitdə öz evlərinə qayıtmaq imkanını səbirsizliklə gözləyirik.

Mən və Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupu sizin yanınızdayıq və parlamentdə təbliğat işləri aparmağa davam edəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir