“Caliber”: “Həmin vaxt Hikmət Hacıyev Kasprşik vasitəsilə Tonoyanla əlaqə saxladı” – EKSKLÜZİV TƏFƏRRÜAT

Vətən Müharibəsinin başlamasından bir il sonra, o günlərin xüsusilə də təmas xəttindən kənarda yerləşən yaşayış məntəqələrini erməni ordusunun vəhşicəsinə bombalaması ilə əlaqədar indiyə qədər bilinməyən bəzi detallar tədricən ortaya çıxmağa başlayır.

Cəbhədə tam məğlubiyyətə düçar olan və bununla da insanlıq simasını tamamilə itirən Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın dinc şəhərlərinin atəşə tutulması üçün cinayətkar əmri verdi. Tərtərin gecə-gündüz atəşə tutulması, eləcə də yuxuda olan Gəncəyə raket zərbələri endirilməsi həm beynəlxalq hüquqa, həm də müharibənin elementar normalarına açıq-aşkar təhdid idi.

Həmin vaxt mülki əhali arasında çoxsaylı itkilərin qarşısını almaq və onların təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfi düşmənlə əlaqə yaratdı. Məlumatlı mənbələrdən Caliber.Az-a məlum olub ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik vasitəsi ilə Ermənistanın müdafiə naziri David Tonoyana Azərbaycanın dinc şəhərlərinin atəşə tutulmasının alçaqlıq olduğunu bildirib və müharibənin bu cür vəhşiliyi istisna edən elementar qaydalarına riayət etməyə çağırıb.

Tonoyan da öz növbəsində Azərbaycan şəhərlərinin atəşə tutulmasını dayandırmaq üçün bütün lazımi tədbirləri görəcəyinə söz verib. Buna baxmayaraq, həmin gecə erməni qoşunları Tərtəri əvvəlkindən daha da şiddətli atəşə tutub. Görünür, erməni tərəfi kişi kimi müharibə etmək çağırışını səhvən zəifliyin təzahürü kimi qiymətləndirib. Yekunda isə bunun əvəzini ciddi şəkildə ödəyib. Lakin erməni tərəfindən fərqli olaraq, Azərbaycan ordusu düşməni döyüş meydanında cəzalandırdı.

Keçənilki müharibə zamanı baş vermiş başqa bir hadisə də David Tonoyanın şəxsiyyətini açıq şəkildə xarakterizə etmək üçün uyğun göstəricidir. Belə ki, müharibənin əvvəlində yenə Kasprşik vasitəsi ilə Tonoyana ölən əsgərlərin meyitlərinin mübadiləsi təklif edilib. Mübadilə prosedurunu asanlaşdırmaq üçün bunu Qazax və Tovuz istiqamətlərində etmək istənilib. Lakin Tonoyan cavab olaraq “bununla məşğul olmaq üçün vaxtının olmadığını” söyləyib. Erməni nazirin həyasız cavabı həm Azərbaycan tərəfini, həm də vasitəçilik edən Andjey Kasprşiki heyrətləndirib. Axı hələ o zaman məlum idi ki, Azərbaycanın canlı qüvvə itkisi daha azdır və Azərbaycan əsgərlərinin meyitlərinin çoxu Bakının nəzarətində olan ərazilərdədir, hansı ki bunu geri çəkilən Ermənistan silahlı qüvvələri haqqında söyləmək mümkün deyildi.

O dövrdə yüzlərlə erməni anası oğullarının taleyindən bixəbər idi – onlar sağdırmı, yoxsa ölüblər, əgər ölüblərsə, cəsədləri və qalıqları haradadır? Hətta Tonoyanın elementar humanitar məsələdə əməkdaşlıq etməkdən imtina etməsinə baxmayaraq, Azərbaycan erməni tərəfindən fərqli olaraq, tapılan bir çox düşmən əsgərinin cəsədini soyuducularda saxladı və döyüşlərin aktiv mərhələsinə baxmayaraq, onları Ermənistana təhvil verməyə hazır olduğunu açıq şəkildə bildirdi. Ancaq həmin zaman Tonoyanın vaxtı olmadı və məhv edilmiş erməni əsgərlərinin cəsədləri hələ də bütün hərbi əməliyyatlar arealı boyunca axtarılır.

Xatırladaq ki, hətta Nikol Paşinyanın inqilabından sonra da özünə “isti” bir yer tapmağı bacaran Tonoyan Ermənistanın keçmiş hakimiyyət orqanlarının bəslədiyi peşəkar fürsətçidir. 2004-2007-ci illərdə o, Ermənistan Silahlı Qüvvələrinin NATO-dakı nümayəndəsi olub. Əldə etdiyimiz məlumata görə, Tonoyan zəif əxlaqi xarakter və kompüter oyunlarına qeyri-sağlam bir ehtirasa sahib bir “qeymer” olub. O, sözün əsl mənasında həmin illərdə Ermənistan Müdafiə Nazirliyinə rəhbərlik edən Serj Sarqsyanın “əlaltı”sı olub.

Tonoyanın portretindəki daha bir diqqətəlayiq məqam – məhz o Avropaya səfərləri zamanı həm öz naziri, həm də Baş Qərargah rəisi (daha sonra Rusiyaya qaçan Mikael Arutyunyan) üçün asudə vaxt və əxlaqsız əyləncə tədbirləri təşkil edən şəxs olub. Bundan əlavə, müntəzəm olaraq Sarqsyanı Antverpenə, brilyantlar aldığı zərgərlik mağazalarına aparırdı.

Bugünlərdə Ermənistanın keçmiş müdafiə naziri həbs edildi, nazirin lüks evində və yaşlı anasının evində axtarışlar aparıldı. Bununla belə, Tonoyanın həbsxanada nə qədər qalacağı böyük sualdır. Fürsətçi və diribaş olduğunu nəzərə alaraq, Ermənistanın dövlət büdcəsini “doğra”dığı hər kəsi satacağını və istintaqın ona təklif etdiyi istənilən sövdələşməyə gedəcəyini gözləmək olar.

Biz də öz növbəmizdə hesab edirik ki, Tonoyanın həbsi hər şeydən əvvəl hərbi cinayətkarın həbsi anlamına gəlir. Ancaq indiyədək Ermənistanda müxtəlif hərbi cinayətkarları dinc Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayətlər istisna olmaqla, istənilən hər hansı bir ittihamla həbsə göndərirlər. Beynəlxalq təşkilatlar və Qərb ölkələri sıravi əsgərlər səviyyəsində  ehtimal olunan müharibə cinayətlərindən danışırlar, amma bununla belə, əsas məqamı – Azərbaycanın dinc şəhərlərini – Tərtər, Bərdə, Gəncəni bombalama əmri verən və Bakının təklif etdiyi ölən hərbçilərin meyitlərinin mübadiləsindən imtina edən insanları görmürlər.

Əgər Paşinyan Ermənistanı sivil dövlət hesab edirsə, onu nəinki müasir Ermənistanda heç kəsi təəccübləndirməyəcək, hətta heç kəsi qorxutmayacaq korrupsiya sxemlərində ittiham etmək əvəzinə, Tonoyanın müdafiə naziri kimi fəaliyyətində ən azı bu iki epizodu araşdırmaq məcburiyyətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir