Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış etdi

28 dekabr 2020-ci il tarixində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM-ın Xarici İşlər Nazirləri Şurasının növbəti 36-cı iclası keçirilib. 

XİN-dən verilən məlumata görə, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun sədrliyi ilə keçən iclasda Gürcüstan Xarici İşlər naziri David Zalkaliani, Moldova Xarici İşlər və Avropaya inteqrasiya naziri Aureliu Çokoy və Ukrayna Xarici İşlər nazirinin müavini Vasil Bodnar iştirak ediblər.

İclasda 2020-ci il ərzində GUAM çərçivəsində əməkdaşlığın qiymətləndirilməsi, gələcək illər üçün təklif və tövsiyələr müzakirə olunub.

İclas zamanı, həmçinin təşkilatın Baş katibi, eləcə də üzv ölkələrin nümayəndələri Azərbaycanın uzun illərdir ki, işğal altında olan ərazilərinin azad edilməsi məsələsinə toxunaraq, bu xüsusda beynəlxalq hüququn norma və prinsiplərinin, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmətin təmin edilməsinin vacibliyini vurğulayıblar.

İclasın yekununda hazırkı iclasın Protokolu və dörd qərar (sahəvi işçi qruplarına əlaqələndirici ölkələrin təsdiqi; kommunikasiya strategiyası və bəyanat və bəyannamələrin hazırlanma qaydaları; 2021-ci il üçün büdcənin təsdiqi; sədrliyin Gürcüstana təhvil verilməsi) qəbul olunub. İclasın sonunda növbəti il üzrə təşkilata sədrlik Gürcüstana təhvil verilib.

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun çıxışı ilə növbəti keçiddə tanış ola bilərsiniz. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir