Ceyhun Bayramov Niderland Krallığının ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb – FOTO

Xarici İşlər naziri Ceyhun Bayramov Niderland Krallığının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Paulin Eizemanın etimadnaməsinin surətini qəbul edib.

Xarici İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Ceyhun Bayramov səfir Paulin Eizemanı təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə inandığını bildirib.

Etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edən Paulin Eizema

diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Niderland Krallığı arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparılıb. Nazir iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib və bu baxımdan mövcud potensialdan tam istifadənin zəruriliyini vurğulayıb. C.Bayramov həmçinin Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmələr təcrübəsinin davam etdirilməsi məsələsini qeyd edib.

Nazir səfirə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı və bu ərazilərdə yaşayan azərbaycanlıların etnik təmizləmə siyasəti barədə məlumat verib. Ermənistanın son təxribatları, o cümlədən 12-16 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədində həyata keçirdiyi hərbi təxribatı, avqust ayında Goranboyda kəşfiyyat qrupunun təxribatı və 27 sentyabrda Azərbaycana qarşı növbəti təcavüz aktı səfirin diqqətinə çatdırılıb.
C. Bayramov məlumat verib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan mövqelərini və kəndlərini təkcə cəbhə bölgəsinin yaxınlığında deyil, həm də Gəncə, Mingəçevir, Xızı və Abşeron kimi münaqişə zonasından uzaqda yerləşən şəhərləri də atəşə tutur. Nazir humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra belə Ermənistanın azərbaycanlı mülki şəxsləri və obyektləri qəsdən atəşə tutmaqda davam etdiyini bildirib. Mülki əhali arasında həyatını itirən və yaralanan şəxslər barədə qarşı tərəfə məlumat verilib.

Səfir Paulin Eizema, Hollandiyanın bölgədəki artan gərginlikdən, xüsusilə mülki itkilərdən çox narahat olduğunu qeyd edib. Hollandiyanın Avropa İttifaqının mövqeyini izlədiyini və hərbi əməliyyatların dayandırılmasına çağırdığını vurğulayıb.

C.Bayramov Azərbaycanın bütün işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT TŞ qətnamələrinin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir