Ceyhun Bayramov: “Türkiyə-Azərbaycan münasibətləri bütün dünya üçün nümunədir”

“Türkiyə-Azərbaycan münasibətləri türk dövlətləri daxil olmaqla bütün dünya üçün nümunədir”.

Bu sözləri “Anadolu” agentliyinə açıqlamasında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə-Azərbaycan münasibətləri, bunun regiona müsbət təsirləri və Türk Dövlətləri Təşkilatı barədə dəyərləndirmələr apararkən bildirib.

“Biz tarixi qərarla Türk Şurasının adını dəyişərək Türk Dövlətləri Təşkilatına çevirdik. Həm region ölkələrinin, həm də digər ölkələrin bu təşkilata marağının artdığını görürük. Bundan əlavə, təşkilata müşahidəçi üzv kimi daxil olmaq istəyən dövlətlərin sayı get-gedə artır”.

Nazirin sözlərinə görə, bunun bir çox səbəbi var, ən vacib və ilk səbəbi isə Türkiyənin artan nüfuzu, həyata keçirdiyi çox uğurlu və prinsipial xarici siyasətidir.

“Bu, dünya miqyasında mühüm bir amildir və bütün dünya bunu qəbul edir. Türk dünyasındakı ölkələrin yaxınlaşması, daha səmimi əlaqələrin qurması və hətta bütün dünya dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsi çox vacibdir. Heç tərəddüd etmədən deyə bilərəm ki, Türkiyə-Azərbaycan münasibətləri türk dövlətləri daxil olmaqla bütün dünya üçün nümunədir. Dünyada eyni dilə, eyni tarixə, eyni mədəniyyətə sahib dövlətlər çoxdur. Amma Türkiyə-Azərbaycan münasibətləri səviyyəsində ikinci bir nümunə yoxdur. Biz bunu onsuz da bilirdik, lakin Azərbaycanın Vətən müharibəsində Türkiyənin dəstəyi bunun sübutu oldu. Dolayısı ilə “Bir millət, iki dövlət” sözünün sadəcə bir ifadədən ibarət olmadığı çox aydın şəkildə anlaşıldı və bütün dünya bunu gördü, şahidi oldu”, – deyə Azərbaycan XİN rəhbəri bildirib.

Ceyhun Bayramov Vətən müharibəsindən sonra regionda yeni reallıqların yarandığını deyib:

“Azərbaycanın qələbə əldə etməsi və Türkiyə ilə münasibətləri nəticəsində bu gün Cənubi Qafqazda yeni reallıq yaranıb. Bunu hər kəs qəbul edir və edəcək. Azərbaycan üçün mübarizənin yeni mərhələsi başlayıb. 30 ildir işğal altında olan, yerlə-yeksan edilən, 1 milyona yaxın vətəndaşımızın didərgin düşdüyü o torpaqların yenidən qurulması, bərpası, minalardan təmizlənməsi kimi böyük bir iş bizi gözləyir. Bir ildə bu istiqamətdə böyük işlər görülüb. Artıq söhbət illəri əhatə edən tənzimləmələrdən deyil, aylar çəkəcək işlərdən gedir. Aylar sonra köçkünlərin ilk hissəsi öz yurdlarına geri qayıdacaq. Bu mübarizədə də Azərbaycanın yanında hamıdan əvvəl və ilk gündən etibarən Türkiyə oldu. Türkiyədəki dostlarımız, tərəfdaşlarımız və iş adamları həm minaların təmizlənmədə, həm də ərazinin inkişaf etdirilməsində yardım edirlər. Bundan başqa, Azərbaycana dost olan dövlətlər də bu işlərdə iştirak edirlər”.

Ceyhun Bayramov iyunun 15-də Şuşa şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında imzalanan Şuşa bəyannaməsinin Türkiyə-Azərbaycan münasibətlərini strateji müttəfiqlik səviyyəsinə çatdırdığını vurğulayaraq, bunu son dərəcə mühüm və tarixi bir hadisə adlandırıb:

“Gələcəkdə bunun nəticəsinin şahidi olacağıq”, – deyə o əlavə edib.

Qələbədə Türkiyə dövlətinin, türk xalqının dəstəyindən böyük sevinc hiss etdiyini vurğulayan Bayramov sözlərinə belə davam edib:

“Türkiyənin həmişə olduğu kimi, bundan sonra da güclü və qüdrətli olmasını istəyirəm. Türkiyənin təkcə regionda deyil, həm də dünyanın qabaqcıl dövlətləri sırasında uğurla irəliləməsini arzu edirəm. Bu, hər birimiz üçün sevinc və qürur mənbəyidir. Bunu həm öz adımdan, həm də Azərbaycanda yaşayan hər bir vətəndaşın adından deyir və arzulayırıq. Çünki Azərbaycan və Türkiyə xalqının ürəyi eyni döyünür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir