Ceyhun Bayramov və Abdulla Şahid arasında telefon danışığı olub

12 aprel 2021-ci il tarixində xarici İşlər naziri Ceyhun Bayramov və Maldiv Respublikasının xarici işlər naziri Abdulla Şahid arasında telefon danışığı baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlər ölkələr arasında ikitərəfli əməkdaşlıq gündəliyinin məsələləri üzrə fikir mübadiləsi aparıblar. Xüsusilə, humanitar sahədə əməkdaşlıq və Azərbaycan hökumətinin təqdim etdiyi təqaüd əsasında Maldiv Respublikasından olan tələbələr üçün təhsil almaq imkanının yaradılması nazir Abdulla Şahid tərəfindən məmnunluqla vurğulanıb.

Nazir Ceyhun Bayramov dost ölkələrin vətəndaşlarının Azərbaycanda elm və təhsil sahəsində fəaliyyətlərini həyata keçirmələri üçün hər zaman müvafiq şəraiti təmin etməyə hazır olduğumuzu qeyd edib.

Tərəflər beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, BMT və ixtisaslaşmış təsisatları çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov həmkarına 44 günlük Vətən müharibəsindən sonra bölgədə mövcud olan cari vəziyyət, yaranan yeni reallıqlar, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər barədə məlumat verib.

Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir