David Çiçinadze: “Ümid edirəm ki, Azərbaycan qeyri-sabitliyə görə bizi tərk etməyəcək”

Ötən payızda keçirilən parlament seçkilərindən sonra Gürcüstanda başlayan siyasi böhran davam edir. Nəticədə fevralın 18-də Baş nazir Giorgi Qaxariyanın rəhbərlik etdiyi hökumət tam tərkibdə istefa verdi. Bəs bu qeyri-sabitlik strateji tərəfdaş ölkələrə nə kimi təsir göstərə bilər? Regional layihələr var, məsələn, Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü planlaşdırılırdı, ancaq Tbilisidəki böhran səbəbindən ləğv olundu.

Gürcüstanın “Tribuna” çoxmillətli siyasi hərəkatının lideri David Çiçinadze bununla bağlı Media.Az-a şərh verib.

O, qeyri-sabit bir tərəfdaşla işləməyin, uzunmüddətli strateji layihələri müzakirə etməyin çətin olduğunu, bütün razılaşmaların istənilən hökumətdə icrasının və tərəfdaşlığın davam edəcəyi zəmanətinin vacibliyini anladığını dedi.

Bununla belə o, mövcud böhranın Gürcüstanın daxili problemi olduğunu vurğuladı:

“Ümid edirəm ki, Azərbaycan da daxil olmaqla strateji tərəfdaşlarımız bunu anlayacaq və səbr edəcək, qeyri-sabitliyə görə bizi tərk etməyəcəklər. Birgə layihələrimizi davam etdirməliyik”.

Politoloq Gürcüstanda koronavirusla bağlı məhdudiyyətləri böyük problem adlandırdı:

“Gürcüstan iqtisadiyyatı real olaraq məhv edildi. İnsanlar yoxsullaşıb, perspektiv yoxdur. Gürcüstanda belə hesab olunur ki, bu məhdudiyyətlər, siyasi məqsədlər üçün istifadə edildi”.

D.Çiçinadze tibbi komponent məsələsinin də həll olunmamış qaldığını bildirdi.

“Vaksinlər almamışıq, hətta müqavilələr belə yoxdur!”, – deyə politoloq təəssüflə vurğuladı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir