Denis Boquş: “Azərbaycanın uğurunun reseptini başa düşürəm, bunu Ukrayna da tətbiq etməlidir”

Ukrayna Azərbaycanla birlikdə Qarabağda Vətən müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad edir.

Bunu Oxu.Az -a açıqlamasında ukraynalı siyasi ekspert, strateji kommunikasiyalar sahəsində mütəxəssis Denis Boquş deyib.

“Müharibənin başlanmasından bir il keçdi. Azərbaycanın uğurunun reseptini başa düşürəm, bunu Ukrayna da tətbiq etməlidir”, – deyə həmsöhbətimiz qeyd edir.

– Çıxarışlarınız haqqında bizə məlumat verin.

– Söhbət bir-biri ilə sıx bağlı olan dörd məqamdan gedir.

Birincisi, Prezident İlham Əliyevin siyasi iradəsi və beynəlxalq vəziyyətin qiymətləndirilməsidir. Azərbaycan öz ərazilərini geri qaytardı, buna görə ölkəyə heç bir iddia yoxdur. Bundan əlavə, ordu qurulurdu, resurslar hazırlanırdı.

İkinci məsələ müttəfiqlərdir. Bakının etibarlı dostu var idi – Türkiyə, hansı ki, Azərbaycana maksimum siyasi dəstək verdi. Azərbaycanın Türkiyədən aldığı “Bayraktar TB2” pilotsuz təyyarələrini və digər avadanlıqları da unutmamaq lazımdır.

Üçüncü nöqtə qəhrəmanlardır. İnsanları elə maarifləndirmək lazım idi ki, döyüşdə ölməkdən qorxmadan silah götürüb torpaqlarını azad etməyə getsinlər. Azərbaycan ordusundan heç bir fərarilik hadisəsi baş vermədi, onların hamısı qəhrəmandır. Ermənistanda isə, elə erməni məlumatlarına görə, 10 min fərari vardı.

Dördüncü məqam xalqın hərtərəfli dəstəyidir. Hər millət müharibəyə, bir neçə onilliklər ərzində itirilmiş ərazilərinin hərbi yolla geri qaytarılmasına hazır olmur.

– Sizdən Ukraynadan gələn mənəvi dəstək barədə də soruşmaq istərdim. “Kozak xarakternik” kitabının müəllifisiniz və müharibə zamanı sosial şəbəkələrin erməni seqmentlərində ukraynalı “xüsusi təyinatlı kazaklar”ın Qarabağda vuruşduqları barədə absurd məqalələr yayıldı…

– Bəli, belə mesajlar var idi (gülür). Əlbəttə ki, Ukraynadan heç bir xüsusi dəstə yox idi, amma bu cür şayiələr göstərirdi ki, Ermənistan Ukrayna cəmiyyətinin Azərbaycanı mənəvi cəhətdən dəstəkləyən və dəstəkləməyə davam edəcək mövqeyini anlayır.

– Müharibənin başlamasından bir il keçir. Sizcə, Ermənistan və Azərbaycan böyük sülh müqaviləsi imzalamağa nə qədər yaxındır?

– Çətin məsələdir. Mənə elə gəlir ki, Ermənistan sona qədər müqavimət göstərəcək. Səbəbini izah edim. İrəvan qorxur ki, müqavilə imzalandıqdan sonra Azərbaycan ərazisinin bir hissəsinin işğalında iştirakını rəsmən tanıyacaq.

Başqa bir məqam isə (bəlkə də ən önəmlisi) sərhədlərin qarşılıqlı tanınmasını təmin edən sülh müqaviləsi – Ermənistanın ərazi iddialarından imtina etməsidir. Halbuki İrəvanın heç olmasa Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan hissəyə nəzarəti yenidən ələ keçirmək arzusu var.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir