Denis Boquş: “İndi Azərbaycan tarix yazır” – MÜSAHİBƏ

Ukrayna Azərbaycanın işğal olunmuş ərazilərində gedən döyüşləri diqqətlə izləyirlər. 

Kiyev Bakının mövqeyini dəstəkləyir və bu yaxınlarda Azərbaycanın Ukraynanın strateji tərəfdaşları siyahısına daxil edilməsi təsadüfi deyil.

Ukraynalı siyasi ekspert, strateji kommunikasiya sahəsi üzrə mütəxəssis Denis Boquş Media.Az-a müsahibəsində iki həftəlik döyüşlərdən sonra diplomatik aktivliyin başlamasına diqqət çəkib.

“Dondurulmuş adlandırılan Qarabağ konflikti – gec işə düşən bomba idi. Tarix Azərbaycanın timsalında göstərdi ki, ərazilərini işğaldan azad etməyə hazırlaşan ölkə, gec-tez buna nail olur”, – deyə Denis Boquş qeyd edib.

Ekspert bildirib ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir və hamıya məlumdur ki, Ermənistan əraziləri işğal edib.

“Rəsmi Bakı uzun illər hazırlaşırdı, öz torpaqlarının itirilməsi ilə barışmırdı. Bu, biz də daxil olmaqla hər kəs üçün bir nümunədir. Azərbaycan bölgənin ən güclü ordularından birinə sahibdir. Türkiyədən tutmuş Rusiyaya və İsrailə qədər müxtəlif ölkələrdən əldə etdiyiniz müasir texnikaya sahibsiniz. Ukrayna, Belarus və digər ölkələrdən də silah almısınız. Azərbaycan ərazi itkiləri ilə barışmayıb və indi siz postsovet məkanında tarix yazan ilk dövlətsiniz”.

Həmsöhbətimizin qeyd etdiyi kimi, xalq birdirsə və lider insanların gözləntilərini ifadə edirsə, hər şey mümkündür, Azərbaycan da bunu nümayiş etdirir.

“Ukraynalıların əksəriyyəti Azərbaycanın tərəfindədir, bu birmənalıdır. Ukrayna baş verənləri diqqətlə izləyir və təhlil edir. Ukraynalı jurnalistlər həm Azərbaycanda, həm də Ermənistanda işləyirlər və müharibəni obyektiv işıqlandırır.

– Eyni zamanda Azərbaycan Ukraynanın strateji tərəfdaşları siyahısına daxil edilib…

– Bu, belədir və xüsusilə qeyd edim ki, bu faktor medianın müharibənin işıqlandırmasının obyektivliyinə təsir etməyib. İstənilən halda Ukraynanın mövqeyi birmənalıdır, bizə dost olan dövlətin – Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmək. Bu əsas xətdir.

Biz torpaqlarını azad edən azərbaycanlıların motivasiyasını görürük. Yeri gəlmişkən, Azərbaycan kamikadze dronlardan istifadə edərək müasir müharibənin yeni qaydalarını nümayiş etdirdi. Bunlar həm də müharibənin müasir həqiqətləridir. Türkiyə bunu əvvəllər Suriyada və digər qaynar nöqtələrdə nümayiş etdirmişdi. Azərbaycan hərbçiləri bunun üzərində dayandılar və yanılmadılar.

Ermənistan isə yeni silahlarla təchiz olunmayıb, o, zəif ölkədir. İndi İrəvan özünü yazıq vəziyyətdə göstərir. Ancaq axı onlar başqa ölkənin ərazilərini işğal ediblər. Onları qaytarın, heç kim sizə toxunmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir