Deputat: “Azərbaycan Dayanıqlı İnkişaf Gündəliyinin icrasına yüksək diqqət göstərir”

“1992-ci il mart ayının 2-də Azərbaycan Birləşmiş Millətlər Təşkilatının tam hüquqlu üzvü oldu. Məhz o müddətdən Azərbaycan BMT-nin alt strukturlarının akkreditasiyasını həyata keçirməklə onlarla hərtərəfli, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq edir. 29 il davam edən bu əməkdaşlıq tarixini əsasən üç mərhələyə bölmək olar”. 

Bunu Oxu.Az-a Milli Məclisinin deputatı Məzahir Əfəndiyev bildirib.

O, qeyd edib ki, 1992-1999-cu illəri əhatə edən birinci mərhələ Azərbaycanın müstəqilliyini yeni əldə etdiyi dövrə təsadüf edir.

“Mövcud iqtisadi çətinliklər, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabaq münaqişəsinin yaratdığı gərginlik ölkəni ciddi problemlərlə üz-üzə qoydu. Məhz o dövrdə BMT və onun alt strukturları ilə edilən uğurlu əməkdaşlıq nəticəsində bu problemlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görüldü. 

İkinci mərhələni əhatə edən 2000-2015-ci illərdə BMT-nin strukturları Azərbaycanın qəbul olunmuş milli strategiyalarına, habelə “Minilliyin İnkişaf Məqsədləri”ndə öz əksini tapmış 8 hədəfə uyğun olaraq vacib layihələr həyata keçirdilər. 

Üçüncü mərhələ isə 2016-cı ildən başlamışdır. Burada BMT-nin alt strukturları artıq sosial-iqtisadi baxımdan dayanıqlığı və davamlığı təmin etmiş, hökumətə beynəlxalq təcrübəni nəzərə almaqla texniki dəstək göstərmişdir. Həmçinin, bu mərhələdə BMT Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurlarda qazandığı təcrübəni innovativ, nümunə model kimi digər inkişafda olan dövlətlərin də öyrənməsi üçün vasitəçilik missiyasını da həyata keçirir”, – deyə, M.Əfəndiyev bildirib. 

“Bu 29 il müddətində BMT yerli ofisi vasitəsilə beş il müddətində nəzərdə tutulmuş dörd Çərçivə Sənədini – “2000-2004-cü illər üçün BMT-nin Sənaye İnkişafına Yardım Çərçivə Sənədi”, “2005-2009-cu illər üçün BMT-nin İnkişafa Yardım Çərçivə Sənədi”, “2011-2015-ci illər üçün BMT-nin Azərbaycanda İnkişafa Yardım Çərçivə Sənədi”, “2016-2020-ci illər üçün BMT – Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi”ni icra edib. 

Martın 1-i 2021-ci il tarixində Azərbaycan hökuməti və BMT arasında formalaşmış yüksək səviyyəli münasibətlərin fonunda Azərbaycan Respublikasının İqtisadiyyat naziri və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin iştirakı ilə imzalanan növbəti 5-ci “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” özündə heç kimin kənarda qalmaması, insan hüquqları, gender bərabərliyi, dayanıqlı inkişaf, davamlılıq və cavabdehlik prinsiplərini ehtiva edir. Sənəddə həmçinin işğaldan azad edilmiş ərazilərdə dirçəliş və quruculuq işlərini əhatə edən istiqamətlərin yer alması üçün birgə fəaliyyətin həyata keçirilməsi məsələləri də prioritetdir və bu ərazilərin minalardan təmizlənməsi, orada yaşayacaq insanlar üçün normal həyat şəraitinin yaradılması, bərpa və quruculuq işlərində BMT-nin ixtisaslaşmış strukturlarının iştirakının hədəf olduğu da gələcək müzakirələrin əsası olacaqdır. 

Azərbaycan üçün faydalı olan imzalanmış bu sənəddə uğurla icra edilən Dayanıqlı İnkişaf Məqsədlərində nəzərdə tutulan hədəflər öz əksini tapıb. Bu da ölkəmizin “2030-cu il Dayanıqlı İnkişaf Gündəliyi”nə və onun icrasına göstərdiyi yüksək diqqətin bariz nümunəsidir”, – deyə M.Əfəndiyev bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir