Deputat: “Azərbaycan xalqı qürurla Prezidentin ətrafında sıx birləşib”

“44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqı, xaricdə yaşayan soydaşlarımız ekran qarşısında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışlarını böyük maraq və həyəcan içində izləyirdi”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. O bildirib ki, Prezident İlham Əliyev Vətən müharibəsinin başlanmasının ildönümü münasibətilə xalqa müraciətində çox önəmli məsələlərə toxunub.

Millət vəkili qeyd edib ki, müharibənin başlama səbəbləri Ermənistanın işğalçılıq siyasəti ilə əlaqəli idi.

“Prezident Azərbaycanın müharibə zamanında hansı addımlar atdığını, postmüharibə dövründə isə hansı addımları atacağının anonsunu da verdi. Əsas məsələ odur ki, biz qələbə qazanmış bir xalqıq. Biz bu qələbə ilə bütün dünyaya göstərdik ki, Azərbaycan insanı kimdir. Azərbaycan əsgərinin, zabitinin şücaəti, cəsarəti, qəhrəmanlığı ortaya qoyuldu, xalq həmrəy oldu, düşmənin başına “Dəmir yumruq” endirildi. Ermənistan bu biabırçı məğlubiyyəti heç zaman unutmayacaq. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz bu möhtəşəm qələbəni bizə yaşatdı”, – deyə V.İskəndərov əlavə edib.

Onun fikrincə, 27 sentyabrda Azərbaycanda keçirilən Anım Günü qürurlu, şərəfli bir gün idi.

“Ölkə Prezidenti xalqa müraciətində söylədi ki, qələbəmiz bizə güc verdi, Türkiyənin mənəvi-siyasi dəstəyi ilə biz bu qələbəni yaşadıq. Cənab Prezident dedi ki, Azərbaycan torpaqlarında heç zaman erməninin gözü ola bilməz, əgər onlar revanşist fikrə düşsələr, yenidən cavablarını alacaqlar”.

V.İskəndərov bildirib ki, bu gün Azərbaycan insanı xoşbəxtdir və qürurla şəhidlərimizin xatirəsini uca tutur:

“Azərbaycan xalqı qürurla Prezidentin ətrafında sıx birləşib, düşməni məhv edən “Dəmir yumruq” heç zaman Ermənistanın yadından çıxmayacaq. İkinci Qarabağ Müharibəsində Ermənistanın məğlubiyyəti həm də dünya erməniliyinə sarsıdıcı zərbə oldu. Onlar anladılar ki, Azərbaycanın gücü, qüdrəti yenilməzdir”.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir