Deputat: “Azərbaycan xalqının iradəsi Qarabağı cənnətə döndərəcək”

İşğaldan azad olunmuş ərazilərimizdə keçən 30 il ərzində dini məbədlərin, mədəni-tarixi irsimizin dağıdılması, viran qoyulmasının şahidi oluruq. Lakin buna baxmayaraq, artıq Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərimizin bərpası, yenidən qurulması və inkişafı istiqamətində bir neçə layihə, dövlət proqramları üzərində iş aparmaqdadır.

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib.

Onun sözlərinə görə, böyük siyasi iradə və gücə malik Azərbaycan ordusu əks-hücum əməliyyatlarını uğurla davam etdirərək rayon və kəndlərimizi, yaşayış məntəqələrimizi, strateji yüksəklikləri işğaldan azad etməkdədir:

“Hər gün xalqımız Ali Baş Komandanın dilindən müzəffər ordumuzun qələbə xəbərlərini böyük ruh yüksəkliyi ilə eşitməkdədir. Hər bir ölkənin, regionun spesifik xüsusiyyətləri var. Hər ərazinin də özünəməxsus iqlim üstünlükləri, relyefi, iqtisadi inkişaf meylləri var. Bu baxımdan Dağlıq Qarabağın füsunkar təbiəti, təbii resursları, eyni zamanda ölkəmizin maddi imkanları burada qısa zaman kəsiyində bütün infrastrukturun yenilənməsini təmin etməklə normal həyat şəraitini daha tez bərpa etməyə imkan verəcək. 

XXI əsrdə bütün insanların hüquqlarının qorunması, onların həyat şəraitinin və sosial rifahının yaxşı olması, innovativ və yeni texnologiyaların səmərəli işləməsi prioritet elan olunmuş sahələrdir ki, bunların da hamısını tezliklə Azərbaycan dövləti, Azərbaycan xalqının birliyi təmin edəcək”.

M.Əfəndiyev bildirib ki, Azərbaycan bu gün öz üzərinə götürdüyü beynəlxalq öhdəlikləri layiqincə yerinə yetirir və bu istiqamətlərdən biri də 2015-ci ildə qəbul olunmuş Dayanıqlı İnkişaf Məqsədləri (DİM) adlı universal sənəddir:

“17 məqsədi özündə cəmləyən DİM fəaliyyətini işğaldan azad olunmuş, habelə Qarabağda tətbiq olunması normal həyat şəraitini və orada yaşayan bütün millətlərin hər sahəyə əlçatanlığını təmin edə bilər. Dövlət maraqlarını ifadə edən iqtisadi proqramlar, regional transmilli layihələr, DİM bugünkü reallığı əks etdirən və digər aidiyyəti beynəlxalq proqramları nəzərə almaqla Dağlıq Qarabağda qısa müddətdə əhalinin normal yaşaması, siyasi və iqtisadi xəritə hazırlanması məqsədilə beynəlxalq təşkilatların da iştirak edəcəyi xüsusi Dövlət Komissiyası və ya İşçi Qrupunun fəaliyyətinə ehtiyacın olduğu da məqsədəmüvafiqdir.

Dağlıq Qarabağda yaşayan ermənilər Ermənistan siyasi hakimiyyətinə təsir göstərərək Azərbaycanın suverenliyi çərçivəsində yaşamağa başlayacaqlarını nə qədər tez tələb etsələr, bir o qədər də öz övladlarını daha təhlükəsiz və xoşbəxt böyütməyə nail ola biləcəklər.

Azərbaycanın beynəlxalq nüfuzu, xüsusilə də tolerantlıq və multikulturalizm sahəsində dünyadakı liderliyi, həmçinin iqtisadi dayanıqlılığı bir daha onu sübut edir ki, Azərbaycan çağdaş dünyanın bir tərkib hissəsi kimi müasir çağırışlara müvafiq tezliklə Dağlıq Qarabağda bütün insanların yüksək həyat şəraitini təmin edərək, bütövlükdə Cənubi Qafqaz regionunda davamlı inkişafımızı bütün dünyaya sərgiləyəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir