Deputat: “Doing Business 2019” hesabatında Azərbaycan “dünyanın ən islahatçı on ölkəsindən biri”dir

“Müstəqilliyini əldə etdikdən sonra Azərbaycan bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm nailiyyətlər əldə edib. Son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə milli iqtisadiyyatın şaxələndirilməsi, ardıcıl və davamlı inkişafı, makroiqtisadi sabitliyin təmin olunması istiqamətində mühüm əhəmiyyət kəsb edən əməli işlər görülüb, Azərbaycanda akkreditə olunmuş bir sıra beynəlxalq maliyyə institutları ilə Azərbaycan hökuməti arasında etimada və qarşılıqlı hörmətə əsaslanan iş münasibəti formalaşıb. Davamlı olaraq əməkdaşlıq etdiyimiz beynəlxalq maliyyə institutlarından biri də Dünya Bankıdır (DB)”. 

Bunu Milli Məclisin deputatı Məzahir Əfəndiyev Oxu.Az-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, 1944-cü il iyulun 1-də Bretton-Vuds konfransında təsis olunmuş DB dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsü ilə məşğul olan ən böyük donor təşkilatlarından sayılır:

“İnkişaf edən ölkələrə çox aşağı faiz dərəcəsi ilə, hətta bəzən faizsiz uzunmüddətli kreditlər və qrantlar verən DB klassik mənada heç də bank deyil, daha doğrusu, BMT-nin ixtisaslaşmış qurumlarından biridir və hazırda 184 üzvü olan bu qurumun əsas məqsədi imkansız dövlətlərə struktur islahatlarının həyata keçirilməsi və yoxsulluğun azaldılmasında yardım göstərməkdir.

Azərbaycanın DB ilə əməkdaşlığa başladığı 28 illik dövr ərzində ölkə iqtisadiyyatı üç dəfə böyüyüb, yoxsulluq səviyyəsi minimuma endirilib, insanların sosial rifahı yaxşılaşdırılıb. Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlara, habelə bu islahatların kontekstində iqtisadiyyatın ağardılması, iqtisadi hədəflərin daha düzgün müəyyən olunmasına DB ilə əməkdaşlıq xüsusi şərait yaradıb. 

Ümumiyyətlə, 1992-ci ildən hökumətin DB ilə bir çox müxtəlif sahələri əhatə edən 50-yə yaxın birgə layihələrinə 3,5 milyard dollardan çox vəsait ayrılıb. DB-nın bu günədək Azərbaycan üzrə kreditlərinin əksəriyyəti nəqliyyat, su, məhkəmə, dövlət idarəçiliyi və hüquq sahəsinin davamlı inkişafı istiqamətində sərf olunub”. 

Millət vəkili bidirib ki, hazırda Azərbaycanda DB ilə birgə icra edilən “Azərbaycanda Məşğulluğa Dəstək” layihəsi isə əhalinin sosial rifahının yüksəlməsi məqsədilə qeyri-formal məşğulluğa, həmçinin “kölgə iqtisadiyyatına” böyük zərbə vuraraq əmək münasibətlərinin qanunvericiliyə uyğun tənzimlənməsi istiqamətində mühüm rol oynamaqdadır:   

“Təsadüfi deyil ki, Dünya Bankı Qrupunun mühüm nəşrlərindən hesab edilən “Doing Business 2019” hesabatında Azərbaycan “dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilib.

Xatırladım ki, cari ilin Doing Business hesabatındakı məlumatların emal edilməsi zamanı aşkarlanmış uyğunsuzluqların araşdırılması və düzəldilməsi üçün DB-nın Daxili Audit strukturları tərəfindən müstəqil diaqnostika aparılıb, bir sıra ölkələrin göstəriciləri ilə bağlı məlumatlar yenilənib. 

Belə ki, yuxarıda vurğuladığım araşdırmalar nəticəsində ölkəmizdə “elektrik təchizatı şəbəkələrinə qoşulma”, “müqavilələrin icrası”, “sərhəddə ticarət” indikatorları üzrə aparılmış islahatların daha az balla qiymətləndirildiyi müəyyən edilib və müvafiq düzəlişlərdən sonra Azərbaycan 191 ölkə arasında mövqeyini altı pillə yaxşılaşdıraraq 28-ə yüksəlib, DB tərəfindən bu il də “dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilib”. 

Sonda M.Əfəndiyev qeyd edib ki, bu gün Azərbaycanda istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə əldə edilən bütün uğurlar yeni çağırışlara cavab verən mükəmməl və dayanıqlı idarəetmə modelinin tətbiqinin bariz nümunəsidir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir