Deputat: “Prezidentin gördüyü işlər olduqca strateji əhəmiyyət kəsb edir”

“Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması onun türk dünyası qarşısında xidmətlərinə verilən ədalətli qiymətdir. İstər Türk Şurasının yaranması və fəaliyyətinin təşkili, istərsə də bu təşkilatın genişlənməsi və beynəlxalq nüfuzunun artması istiqamətində Azərbaycan Prezidentinin gördüyü işlər olduqca strateji əhəmiyyət kəsb edib”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatı hazırda beynəlxalq təşkilatlar arasında özünəməxsus yer tutmaqla bərabər, həm də mühüm strateji cazibə mərkəzlərindən birinə çevrilib:

“Türk Şurasına üzv olmaq istəyən ölkələrin sayı ciddi şəkildə artıb. Ancaq Prezident İlham Əliyevin türk dünyası qarşısında ən böyük xidməti yüz il əvvəl pozulmuş bu vahid etno-siyasi coğrafiyanın fiziki bütövlüyünü bərpa etməsidir. Bu, tarixi hadisədir və Prezident İlham Əliyevin adı ilə bağlıdır. Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin liderləri bu qərarı qəbul edərkən məhz həmin ümumi mənafelərə xidmət edən reallığı nəzərə alaraq veriblər”.

Deputat bildirib ki, Türk Dünyasının Ali Ordenini təqdim edərkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinə xitabən onu Müzəffər Ali Baş Komandan adlandırdı:

“Qardaş ölkənin dövlət başçısı dedi ki, qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə azərbaycanlı qardaşlarımız üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Doğrudan da türk dünyasının fiziki bütövlüyünə xidmət edəcək bu mühüm tarixi hadisə bütün türk dünyası ölkələri üçün yeni iqtisadi-siyasi və strateji perspektivlər yaradır. Bu, hər şeydən öncə təqribən 150 milyona yaxın insanın və 1.5 milyard dollarlıq ümümdaxili məhsul istehsalı imkanlarının qarşılıqlı və birbaşa əlaqəsinin yaradılması deməkdir”.

“Hələ 2009-cu ildə Naxçıvanda Türk Şurası yaradılarkən Azərbaycan Prezidenti İlham Əliyev məhz bu perspektivlərə toxunaraq türk dünyasının fiziki birləşməsi, Naxçıvanın anklav vəziyyətdən çıxarılması istiqamətində mühüm addımların atılması məsələlərinə toxunmuşdu. Bu, hazırda həyata keçirilən dərin hərbi-siyasi strategiya sayəsində artıq reallığa çevrilir. Eyni zamanda, Türk Dövlətləri Təşkilatına yeni üzvlərin qəbul edilməsi, xüsusilə də qardaş Türkmənistanın bu təşkilata cəlb edilməsi, eləcə də Özbəkistanın tamhüquqlu üzv kimi qəbul edilməsi də son illərdə təşkilatın tarixində baş verən mühüm hadisələrdir. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhammedovun bu təşkilatın zirvə toplantısında iştirak etməsini məmnuniyyətlə qeyd etdi. Çünki qısa müddət öncə məhz Azərbaycanın səyləri ilə Türkmənistan və Azərbaycan arasında vaxtilə mübahisə mövzusu olan neft yatağı “Dostluq” adı altında iki qardaş ölkə tərəfindən ortaq istismara cəlb edilmiş, yalnız bundan sonra Türkmənistan TDT-yə üz tutmaq barədə qərar qəbul etmişdi. Xüsusi qeyd edilməli bir məsələ isə ondan ibarətdir ki, Azərbaycanın əldə etdiyi tarixi zəfər bütün qardaş xalqların ilham mənbəyinə çevrilmiş, onlarda milli güvən və qürur hissi yaratmışdı. Qardaş Türkiyə və Azərbaycanın güc nümayiş etdirmək və milli iradə ortaya qoymaq cəsarəti isə hazırkı mürəkkəb beynəlxalq şərtlər içərisində qibtə yaradacaq bir nümunədir. Bu, eyni zamanda Türk Dövlətləri Təşkilatını yeni cəlbedici formata çevirir. Prezident İlham Əliyev ona təqdim edilən Türk Dünyasının Ali Ordenini Azərbaycan xalqının adından qəbul etdi və bu ordenin məhz xalqımıza verildiyini dedi. Bu, bir milli liderin öz xalqı ilə bütövlüyünün təcəssümü idi”, – H.Babaoğlu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir