Deputat Qarabağın inkişafının idarə olunmasında kadr potensialının rolundan danışdı

“Postpandemiya dövrü yeni inkişaf erasının əsasını qoymaqdadır. Azərbaycan da postpandemiya dövrünə yaxşı hazırlaşmaq, pandemiyanın yaratdığı böhranlı vəziyyətdən az itki ilə çıxmaq məqsədilə qısa və ortamüddətli kompleks tədbirləri özündə əks etdirən geniş iqtisadi və sosial proqramlar həyata keçirdi, düzgün idarəetməni tətbiq etdi. Prezident İlham Əliyev 2020-ci ili dərinləşdirilmiş islahatların davam etdirilməsi ili kimi qiymətləndirib. Şəffaflığın gücləndirilməsinə xidmət edən və fiskal gəlirlərə birbaşa təsir göstərən proqram və layihələr postpandemiya dövründə də iqtisadiyyatın davamlı inkişafı ilə bağlı prioritet olacaq”.

Bunu Oxu.Az-a Milli Məclisinin deputatı Məzahir Əfəndiyev bildirib.  

O qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ – Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbə Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoydu. Bu zəfər Azərbaycanın və eləcə də bütün regionun sülh və iqtisadi inkişafına ciddi təsir göstərməklə ölkəmizdə tamamilə yeni iqtisadi inkişaf amillərini formalaşdırdı:

“Post-konflikt quruculuğu Azərbaycan Respublikasının ümumi inkişaf strategiyası çərçivəsində işğaldan azad olunan ərazilərin reinteqrasiyası və dəyər zəncirlərinə qoşulması ilə həyata keçirilir. BMT-nin qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədləri və 4-cü sənaye inqilabı prinsiplərinə uyğun olaraq post-konflikt əraziləri yerli xüsusiyyətlər, resurslar və perspektivlər nəzərə alınmaqla inkişaf etdirilir. 

Cənab Prezidentin tapşırıqlarına əsasən, işğaldan azad olunmuş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə, Qarabağın iqtisadi-sosial inkişafı, habelə yaradımçı dirçəliş və inkişaf fondlarının yaradılması insanlığın, Azərbaycançılığın, ümumbəşəri dəyərlərin, eyni zamanda sülhün, təhlükəsizliyin qorunmasına əsaslı zəmin yaradır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın növbəti Şuşa səfəri və infrastrukturun bərpası ilə bağlı start verilmiş işlər Qarabağın dirçəlməsinin və inkişafının yüksək səviyyədə təmin olunacağına əyani sübutdur”. 

M.Əfəndiyev bildirib ki, Qarabağın inkişaf strategiyası qısa, orta və uzunmüddəti dövrü əhatə etməklə, yerli, regional, milli və beynəlxalq səviyyələrdə olan fəaliyyətləri özündə ehtiva edir:

“Postpandemiya və post-konflikt quruculuğu, daxil olduğumuz yeni inkişaf mərhələsi layihələrin və proqramların ekoloji və iqtisadi potensialını sosial inklüzivliklə birgə nəzərə almağı diktə etməklə, idarəçilik və icra prosesində peşəkar mütəxəssislərin iştirakçılığını labüd edir. 

İcra edilən dövlət proqramlarında gənclər təşkilatlarının, birliklərinin, siyasi partiyaların aktiv gəncləri, ictimai fəallar və Azərbaycanda formalaşmış könüllü ordusunda fəaliyyət göstərən yeni nəslin nümayəndələrinin hərtərəfli kvalifikasiyası, onların idarəçilik prosesinə hazırlanması inkişaf prosesində iştiraklarını gerçəkləşdirir. 

Kadr potensialının hazırlanmasında inklüzivliyin təmin olunması, yeni texnologiya və innovasiyaların idarə olunması və bölgənin spesifik xüsusiyyətlərinin mənimsənilməsi mükəmməl idarəçilikdə və bugünkü günün çağırışlarında əsas şərtlərdəndir”. 

Sonda deputat qeyd edib ki, XXI əsrin müharibəsi nəticəsində qısa müddət ərzində işğal altında olan ərazilərini azad etmiş müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı, böyük sərkərdə İlham Əliyevin dediyi kimi: “Qısa müddətdə ən müasir və qabaqcıl infrastruktura aid rayon və şəhərlərimizin abadlaşmasını, gözəlləşməsini, Qarabağımızın cənnətə çevrilməsini də təmin edəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir