Deputat: “Qoşulmama Hərəkatı Vətən müharibəsində Azərbaycana qətiyyətli dəstək göstərib”

“Qoşulmama Hərəkatı çox mühüm bir platformadır və bura 120 dövlət üzvdür”.

Bunu Oxu.Az-a açıqlamasında deputat Arzu Nağıyev bildirib.

O, təşkilatın beynəlxalq aləmdəki nüfuzuna diqqət çəkib:

“Hərəkatda Birləşmiş Millətlər Təşkilatı, Afrika İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi dünyanın 10 beynəlxalq nüfuzlu təşkilatı və 17 dövlət iştirak edir. Bunlar qərarların qəbul olmasında müəyyən qədər təsir mexanizmlərindən istifadə edəcək dövlətlərdir.

Təşkilata üzv ölkələr mühüm dövlətlərdir və Azərbaycan da onlardan biridir. Heç bir hərbi blokun üzvü olmaya-olmaya, hər hansı bir müharibə və münaqişəyə müdaxilə etməyən dövlətlər müvafiq qərarların qəbul olunmasına ciddi təsir edir”.

Deputat bildirib ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatına sədrlik edirdi. Bu platforma Vətən müharibəsində Azərbaycana qətiyyətli dəstək göstərib:

“44 günlük Vətən müharibəsində hərəkata üzv dövlətlər Azərbaycanı dəstəklədilər. Bundan sonra da hərəkatın müvafiq əlaqələri olacaq. Azərbaycan heç bir hərbi blokun üzvü deyil.

Bildiyiniz kimi 44 gün davam edən Vətən müharibəsində hərbi faza başa çatıb. Hazırda isə informasiya müharibəsi davam edir. Bundan sonra işğaldan azad edilmiş ərazilərdə hərəkata üzv dövlətlərin yenidənqurma işlərində iştirakı gözləniləndir”.

Qeyd edək ki, 2019-cu ilin oktyabrın 25-də Qoşulmama Hərəkatına sədrlik Venesueladan Azərbaycana (2022-ci ilədək) keçib.

İlhamə Əbülfət

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir