Deputat Türkiyə filmlərinin Azərbaycan dilinə tərcüməsinə etiraz etdi

“Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması olduqca vacib və əlamətdar bir hadisədir. Çünki hazırkı tarixi inkişaf mərhələsində gücdən danışarkən biz həm də yumşaq güc kimi xarakterizə etdiyimiz informasiya gücündən danışırıq. Media isə bizim informasiya məkanımızın keyfiyyətini, trendini təyin edən vasitədir və əslində elə həm də milli gücümüzün tərkib hissəsi kimi çıxış edir”. 

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Hikmət Babaoğlu “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiqlənməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Hikmət Babaoğlunun sözlərinə görə, şanlı Vətən müharibəsi zamanı da gördük ki, informasiya nə qədər güclü silahdır və Azərbaycan Prezidenti bu silahdan da düşmənin informasiya müharibəsinə qarşı necə məharətlə istifadə etdi:

“Ona görə də qardaş Türkiyənin mediası ilə ortaq əməkdaşlıq və koordinasiya edilmiş fəaliyyət bizim qlobal informasiya məkanında gücümüzü daha da artıracaq və ortaq media platforması yaradılacaq. İmzalanan memorandumda bütün bu məsələlər öz əksini tapmaqla bir məsələ ayrıca vurğulanır. Sənəddə əlaqələrin və qarşılıqlı anlaşmanın təmin edilməsində medianın rolu xüsusi olaraq önə çəkilir və bunun inkişaf etdirilməsinin zəruriliyi qeyd edilir. Bu, çox mühüm məsələdir. Ona görə ki, qarşılıqlı dil, ünsiyyət anlaşması olmasa, birgə mediadan və onun səmərəli fəaliyyətindən də danışmaq olmaz”. 

Deputatın fikrincə, dolayısıyla sənəddə elə bir ortaq ünsiyyət mühitindən danışılır ki, orada anlaşma problemi yoxdur və bu vəzifə kimi müəyyənləşdirilir.

“Ancaq çox təəssüf ki, bu çağırışlar bəzi media institutlarımız tərəfindən lazımi qədər diqqətə alınmır. Xüsusən son dövrlərdə Azərbaycan televiziya kanallarında efirə verilən və çox maraqla qarşılanan türk film və serialları Azərbaycan dilinə tərcümə edilir”. 

Millət vəkilinin fikrincə, bu, əslində imzalanan memorandumda irəli sürülən məqsədlərlə bir qədər uyğun gəlmir: “Onda belə çıxır ki, hər gün televiziya efirində ekspert, şərhçi qismində çıxış edən türkiyəli mütəxəssislərin də fikirlərini tərcümə edib efirə verməliyik? Bu, doğru deyil. Böyük Mirzə Ələkbər hələ öz dövründə buna etiraz edərək, “türkcədən türkcəyə tərcümə də nə demək”, deyə fikir bəyan etmişdi. Bəzi hallarda bununla da ürəyimiz soyumur, qardaş Türkiyə Cümhuriyyətinin adını Türkiyə Respublikası kimi tələffüz edirik. Bu, əsla yolverilməzdir. Bu ölkəni quran böyük Mustafa Kamal Atatürk onun adını Türkiyə Cümhuriyyəti qoyub. Adlarsa tərcümə edilmir! O başqa məsələdir ki, ərəb sözü olan “cəmahiriyyə” və ingilis sözü olan “repablik” eyni mənanı verir. Yaxud “Zeytun dalı” əməliyyatını “Zeytun budağı”, “Barış Pınarı” əməliyyatını “Sülh bulağı” kimi yanlış tərcümələr edirik. Bunlar dil və dilçilik baxımından da təsdiq edəcəyimiz sənədin strateji məqsədləri baxımından da doğru deyil. Ona görə də fikrimcə, televiziyalarımız türk filmlərini tərcümə edərək efirə verməməlidirlər. Tam əksinə, Türkiyə televiziyaları ilə birlikdə Vətən müharibəsindən bəhs edən filmlər, seriallar çəkməlidirlər”. 

Hikmət Babaoğlu bu sənəddə öz əksini tapan məqsədlərin bütün mediamızın fəaliyyət proqramına çevriləcəyinə ümidvar olduğunu söyləyib. 

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir