Deputatdan sərt AÇIQLAMA: “Sədaqətini şərabla konvertasiya edən Abel Məhərrəmov…”

“Hər bir vəzifəli şəxs təmsil etdiyi qurumun nüfuzuna xələl gətirə biləcək davranışın qarşısını almalıdır. Biz vəzifəli şəxslər də təkcə çalışdığımız qurumda deyil, qurumdan kənardakı fəaliyyətimizə görə də məsuliyyət daşıyırıq”.

Bunu APA-ya açıqlamasında deputat Kamal Cəfərov deyib.

O bildirib ki, vəzifə üstünlük deyil: “Məhz biz deputatların təşəbbüsü ilə İnzibati Xətalar Məcəlləsinə karantin rejiminin pozulması ilə bağlı yeni maddə əlavə edilib, daha sonra həmin maddənin sanksiyasını daha da sərtləşdirmişik. Əgər qəbul etdiyimiz qanunları özümüz pozsaq, onda nə bizə, nə də təmsil etdiyimiz quruma ictimai etimad olacaq.

Məhkəmənin qərarı ilə sabiq deputat İlham Əliyevin 15 sutka həbs alması, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzova töhmətin verilməsi bir daha göstərdi ki, Azərbaycanda hamı qanun qarşısında bərabərdir, heç kim qanundan üstün ola bilməz, vəzifəsindən və statusundan asılı olmayaraq qanunu pozan hər bir şəxs məsuliyyətə cəlb olunur və olunacaq.

Bu, qanunun tələbi və Azərbaycan Prezidentinin ali iradəsidir”.

Deputat qeyd edib ki, eyni zamanda sədaqətini şərabla konvertasiya edən Abel Məhərrəmov həm mənəvi, həm də inzibati məsuliyyət daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir