Dmitri Solonnikov: “Ermənistanın atdığı addımlar sərhəd məsələsinin həllini ləngitmək cəhdidir” – MÜSAHİBƏ

Azərbaycan və Ermənistan sərhədindəki vəziyyət avqustun doqquzunda ən aktual mövzu oldu.

İrəvana gələn KTMT-nin baş katibi, belaruslu general Stanislav Zas Ermənistanın xarici işlər naziri Armen Qriqoryan və digər rəsmilər sərhəddəki vəziyyəti müzakirə edib.

Bundan əlavə, Rusiya və Azərbaycanın xarici işlər nazirləri – Sergey Lavrov və Ceyhun Bayramov Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Ən təəccüblüsü isə odur ki, İrəvanda Ermənistan sərhədlərinin Azərbaycan tərəfindən pozulduğunu söyləsələr də, eyni zamanda özləri delimitasiya prosesinə razılaşmaq istəmirlər.

Bəs sərhədlər müəyyən edilməyibsə, hansı pozuntudan söhbət gedir?

Rusiyalı politoloq, Çağdaş Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov Oxu.Az-a qeyd olunan məqamı şərh edərkən deyib:

“Sərhəddə vəziyyətin stabilləşməsinə dair məsələ təbii ki, müzakirə olunmalıdır. Ancaq müzakirənin ilk elementi məhz delimitasiya və demarkasiya məsələləri olmalıdır. Bu iş üçün ilk olaraq diplomatlar, daha sonra isə ərazidə birbaşa işlərdə iştirak etmək üçün kartoqraflar cəlb edilməlidir”.

Bakı delimitasiya və demarkasiyaya hazırdır, İrəvan isə yox. Bundan əlavə, Ermənistanın yeni hökuməti qurulduqdan sonra məlum oldu ki, onun tərkibinə yenidən qərbpərəst və revanşist qüvvələr daxildir. Lakin bunu bir kənara qoyaq. Ermənistanda öz sərhədlərinin pozulmasından danışılır, amma İrəvanın özü həmin sərhədləri müəyyən etməkdən imtina edir. Bunu necə izah etmək olar?

 – Bu, Ermənistanın sərhəd məsələsini, gələcəkdə isə sülh müqaviləsinin imzalanmasının vaxtını uzatmaq cəhdidir. Hələlik yekun qərar yoxdur, Ermənistanın hazırkı rəhbərliyi nəyisə “dəyişdirə biləcəyinə” inanır. Azərbaycanın bir sıra rayonlarının işğal altında saxlanıldığı onilliklər ərzində ərazidə sərhəd yox idi. Nə ayırıcı zolaq, nə sərhəd zonası var idi. İnəklər həm o tərəfdə, həm də digər tərəfdə otlayırdılar. SSRİ xəritəsinə baxsaq, Ermənistan ərazisində də anklavlar var idi…

Bəzi ekspertlərin, o cümlədən azərbaycanlıların proqnozlarına əsasən, Moskvanın İrəvana təzyiqi nəticəsində ilin sonuna qədər Ermənistanla Azərbaycan arasındakı sərhəd müəyyən ediləcək, növbəti mərhələdə isə hərtərəfli sülh müqaviləsi olacaq…

 – Adətən ssenarilər optimist, mühafizəkar və realist olmaqla, üç hissəyə bölünür.

Ona görə, bəli, belə bir ehtimal var, amma bunun əsas variant olacağını söyləmək çətindir. Xüsusilə müxtəlif təzyiq üsulları tətbiq olunarsa, sərhəddəki ərazidə konstruktiv işlərin başlaması ilə bağlı Ermənistanın razılığa gəlmək şansı var. Amma bunun 100 faiz nəticə verəcəyini deməyə cəsarət etməzdim, baxmayaraq ki, münasibətlərin normal vəziyyətə qayıtması, nəqliyyat dəhlizlərinin, o cümlədən Rusiya ilə (Azərbaycan üzərindən – red.) əlaqələrin təmin edilməsi Ermənistanın özü üçün lazımdır. Ancaq sülh müqaviləsi olmayana qədər bu, mümkün deyil. Mənə elə gəlir ki, işlər başlayacaq, birgə komissiya yaradılacaq və irəliləyişə nail olunacaq. Bu optimist ssenaridir. Baxmayaraq, çətin ki, ilin sonuna qədər bütün sərhədləri demarkasiya etmək mümkün olsun. Standart ssenaridə dəyişikliklər olacaq, ancaq keyfiyyət irəliləyiş baş verməyəcək. Pessimist ssenariyə əsasən isə vəziyyət pisləşəcək və gərginlik artacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir