Dövlət başçısı: “Ermənistan tərəfi Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır”

“Ermənistan tərəfi Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır. Bilmirəm, nəyə görə? Amma deyə bilərəm ki, bu terminin – təvazökarlıqdan uzaq olsa da, – müəllifi mənəm”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib.

Bunu nə üçün mən məhz Zəngəzur adlandırdığını izah edən dövlətimizin başçısı deyib: “Ona görə ki, birincisi, bu, Zəngəzurdur, bunun tarixi adıdır. Azərbaycan toponimidir, necə ki, Zəngilan, Zəngəzur, Zəngi çayı, – hansı ki, ermənilər indi Razdan adlandırırlar, – Azərbaycan toponimidir. İkincisi, biz bu dəhlizə, sadəcə olaraq, dəmir yolu kimi baxmırıq. Çünki bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Bizim planımızda var, gələcəkdə oradan Naxçıvana elektrik xətləri çəkilsin. Çünki bizim elektrik enerjisi ilə bağlı çox böyük ixrac planlarımız var. Mən qeyd etdim ki, sabah 240 meqavatlıq külək elektrik stansiyasının təməli qoyulacaq. Cəbrayıl rayonunda 240 meqavatlıq yeni günəş stansiyasının tikintisi ilə bağlı xarici investorlar artıq bizə rəsmən müraciət edib. Xudafərin, Qız qalasında biz 140 meqavat elektrik enerjisi əldə edə bilərik. Kəlbəcər və Laçında isə 10 min meqavata yaxın potensial var, külək və enerji gücləri almaq imkanımız var. Ona görə biz elektrik xətləri də nəzərdə tuturuq. Ondan sonra ola bilsin ki, qaz xətləri də oradan keçsin”.

Azərbaycan Prezidenti qeyd edib ki, Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir