Dövlət sığınacaqlarında sosial xidmətin təşkili qaydasında DƏYİŞİKLİK

Nazirlər Kabinetinin “Yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində yetkinlik yaşına çatmayanlara xidmət göstərilməsi Qaydası”nda dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Qərara əsasən, yetkinlik yaşına çatmayanlar üçün ixtisaslaşdırılmış sosial reabilitasiya müəssisələrində sosial xidmətin göstərilməsi “Sosial xidmət haqqında” qanuna əsasən tənzimlənəcək.

Müəssisəyə qəbul Nazirlər Kabinetinin 2013-cü il 5 noyabr tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”na uyğun olaraq aparılacaq.

Həmçinin qərarla müəssisədə sosial xidmətin təşkili qaydası da dəyişib.

Yetkinlik yaşına çatmayanlara müəssisədə aşağıdakı xidmətlər göstəriləcək:

– sığınacaqlara qəbul edilmiş şəxslərin sanitariya-gigiyena normalarına uyğun yaşayış yeri ilə təmin edilməsi, onların normal inkişafı üçün şərait yaradılması, şəxslərin pulsuz yemək, geyim, yataq dəstləri, həmçinin zəruri mebel, avadanlıq və ləvazimatlarla təmin olunması;

-mərkəzlərə qəbul edilmiş şəxslərin sanitariya-gigiyena normalarına uyğun şəraitdə yerləşdirilməsi, onların normal inkişafı üçün şərait yaradılması, pulsuz yemək və geyimlə təmin edilməsi;

– şəxslərin ilkin tibbi müayinəsi, onlara ilkin tibbi yardımın göstərilməsi və həkim rəyinə əsasən dərman vasitələri ilə, həmçinin xəstəliyi müəyyən edilmiş şəxslərin ixtisaslaşdırılmış müalicə müəssisələrinə göndərilməsinin təmin edilməsi;

– şəxslərə sosial xidmətin göstərilməsi və onların sosial reabilitasiyasının təşkili məqsədilə sosial işçi tərəfindən sosial xidmətin formasını, növünü, sosial xidmətin göstərilməsi yerini və müddətini özündə əks etdirən sosial xidmətə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsi üzrə hesabatın və şəxsə sosial xidmət göstərilməsinə dair fərdi planın hazırlanması, onlara əsasən sosial xidmətin təşkili;

– şəxslərin psixososial vəziyyətinin ilkin qiymətləndirilməsi, onların depressiya və inkişafa maneə olan psixi pozuntu vəziyyətindən çıxarılması, yaş göstəriciləri, yaradıcılıq, intellektual və fiziki imkanlarına uyğun olaraq psixoloji yardım göstərilməsi;

– şəxslərin təhsil səviyyəsinin müəyyənləşdirilməsi, onların fiziki və əqli imkanlarına uyğun təhsil almalarına köməklik göstərilməsi məqsədilə müvafiq təhsil müəssisələrinə müraciət edilməsi və bu istiqamətdə təhsil müəssisələri ilə birgə tədbirlərin təşkili;

– şəxslərə sosial-pedaqoji xidmətlərin göstərilməsi;

– şəxslərin emosional vəziyyətinə və davranışına nəzarət edilməsi;

– şəxslərin məişətdə və ictimai yerlərdə davranış qaydalarına riayət etməsi, özünənəzarət və həyat fəaliyyətinin digər sahələrində bacarıqlarının artırılmasına köməklik göstərilməsi;

-şəxslərin dünyagörüşünün genişləndirilməsinə, ünsiyyət qabiliyyətinin artırılmasına, yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsinə yönəlmiş tədbirlərin təşkili;

-şəxslərin sadə əmək vərdişlərinə və müxtəlif peşələrə yiyələnmələrinə köməklik göstərilməsi, müxtəlif peşələr və onların xüsusiyyətləri haqqında məlumatlandırmaqla, peşə meyillərinin aşkar edilməsi, peşəyönümünə dair məsləhətlərin verilməsi, əmək qabiliyyətli şəxslərin məşğulluq imkanlarının yaradılması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi vasitəsilə işlə təmin olunması və ya peşə hazırlığı kurslarına cəlb edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi;

-şəxslərin mədəni-asudə vaxtının səmərəli təşkili ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi;

-şəxslərin hüquq və mənafelərinin müdafiəsi məqsədilə onlara hüquqi yardım göstərilməsi;

– kimsəsiz uşaqların yaşayış yerinin müəyyənləş- dirilməsi, həmçinin sənədlərinin (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, təhsili və işlə təmin olunması üçün lazım olan sənədlər) əldə edilməsinə köməklik göstərilməsi;

– şəxslərin ailələri ilə görüşmələrinin və telefon vasitəsilə əlaqə saxlamalarının təmin edilməsi;

-ailə məsləhət xidməti:

– şəxslərin reabilitasiya proqramlarının həyata keçirilməsində ailənin və ya qanuni nümayəndələrinin fəal iştirakının təmin edilməsi, həmçinin şəxslərin və ailələrinin psixososial reabilitasiyası üzrə kompleks tədbirlərin həyata keçirilməsi;

– sosial təhlükəli vəziyyətdə olan ailələrə psixo-korreksiya yardımı etməklə, şəxslərin ailə mühitinə qaytarılmasına köməklik göstərilməsi;

– şəxslərin və ailələrinin sosial mühitə uyğunlaşmasına və cəmiyyətə inteqrasiyasına köməklik göstərilməsi;

– şəxslərin baxımsızlığına səbəb olan hallara münasibətdə ailələrin hüquqi problemlərinin həllinə köməklik göstərilməsi;

– şəxslərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi ilə əlaqədar ailə ilə maarifləndirici söhbətlər aparılması və ailəyə müvafiq məsləhətlər verilməsi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.