Dünyanın diqqəti Bakıda: Azərbaycana beynəlxalq dəstək artır – TƏHLİL

Bu gün paytaxtımızda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi forum öz işinə başlayıb. Sayca səkkizincisi keçirilən ənənəvi Qlobal Bakı Forumu “COVID-19-dan sonrakı dünya” mövzusuna həsr olunub.

Qlobal miqyasda böyük önəm kəsb edən mövzuların hərtərəfli müzakirəsi nəzərdə tutulan forumda dünyanın 40-dan çox ölkəsindən aralarında ali və yüksək səviyyəli nümayəndələr, keçmiş dövlət və hökumət başçıları, həmçinin beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmilərinin də olduğu 300-dən çox qonağın canlı və ya onlayn qaydada iştirakı nəzərdə tutulur.

Ənənəvi olaraq bu dəfəki forumun da əhatə dairəsi olduqca genişdir: COVID-19-dan sonra yaranan yeni dünya nizamı, yeni dünya iqtisadiyyatı, yeni dövrdə: sülh, təhlükəsizlik və insan hüquqları, İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması, Səhiyyə və insanların peyvənd edilməsi, Qida və qida təhlükəsizliyinin təşviqi, Gənclər danışır, biz dinləyirik; Şərq Tərəfdaşlığı və onun imkanları, o cümlədən Avropa İttifaqı, Balkanlar və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr.

İlk dəfə 2013-cü ilin 7-8 may tarixlərində keçirilən Qlobal Bakı Forumu hər zaman qlobal gündəmdəki ən aktual mövzulara toxunulması ilə yadda qalıb. İlk forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Qarabağ məsələsi və bölgədəki münaqişə ocaqları ilə bağlı vəziyyət masaya yatırılıb. 2014-cü ilin 28-30 aprel tarixlərində baş tutan II Qlobal Açıq Cəmiyyətlər Forumunda açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün multi-idarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlərin müzakirəsi aparılıb.

Sonrakı illərdə forumun gündəliyinə daxil edilən etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu, münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu və daha bir çox mövzular ətrafında nüfuzlu ekspertlərin və mötəbər qonaqların iştirakı ilə keçirilən müzakirələr forumun beynəlxalq miqyasda tanınması və aktual məsələlər ətrafında fikir mübadiləsi üçün əhəmiyyətli platformaya çevrilməsinə zəmin yaratmışdır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Qlobal Bakı Forumu həmçinin regionda və dünyadakı dəyişikliklərə çevik reaksiya verməsi ilə öz nüfuzunu illər ərzində dünya miqyasında artırmışdır.

Sözügedən forum həmçinin ölkəmizin dünyadakı imici üçün də müsbət mənada böyük önəm kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin ortaya qoyduğu siyasi xətt təkcə regionumuzda deyil, həm də qlobal məsələlərin həllində Bakının fəal iştirakını təmin edir. Azərbaycan lideri nüfuzlu tribunalardan ölkəmizin maraqlarını müdafiə etməklə bərabər, həmçinin dünyanın qarşısında dayanan ən mürəkkəb problemlərin həlli ilə bağlı mühüm fikirlər səsləndirir.

Xüsusən Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni vəziyyət Azərbaycan dövləti qarşısında bir sıra vacib tapşırıqların formalaşmasına səbəb olub. Azərbaycan dövləti öz regionunda yeni reallıqlar yaradıb və bu yeni reallıqlar qlobal miqyasda müzakirə olunur. Bakının formalaşdırdığı yeni nizam regionumuzda əməkdaşlıq və inkişaf üçün əsaslı zəmin yaradır. Yeni yaranan şəraitlə yanaşı Azərbaycanın BMT-dən sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatına uğurla rəhbərlik etməsi də qlobal miqyasda ölkəmizə marağın artmasına səbəb olub.

Bütün bu amillər, o cümlədən Azərbaycanın Prezident İlham Əliyevin öndərliyində qlobal təşəbbüslərlə çıxış etməsi rəsmi Bakının postkovid dünyasındakı nəhəng dəyişikliklərin müzakirəsi, dərk olunması, bundan sonrakı ümumi yolun müəyyənləşdirilməsi üçün qlobal diskussiya paytaxtına, istinad nöqtəsinə çevrilməsinə səbəb olub.

Qlobal diskussiya paytaxtına çevrilən Bakımızda keçirilən sayca səkkizinci olan Qlobal Bakı Forumu müzakirə olunan mövzuların qlobal səviyyədə aktuallığı və postkovid dövründə dünya miqyasında keçirilən ilk qlobal tədbirlərdən biri olması ilə səciyyələnir.

Pandemiyadan çıxış və ondan sonra görülməsi zəruri olan tədbirlər, iqtisadi məsələlər, sülh, təhlükəsizlik, insan hüquqları, qlobal iqlim dəyişiklikləri və enerji tələbatı ilə bağlı önəmli məqamlar, səhiyyə və qida təhlükəsizliyi ilə bağlı problemlərin müzakirəsi Bakının üzərinə mühüm öhdəlikləri götürdüyünü və beynəlxalq ictimaiyyətin məsuliyyətli bir üzvü kimi sözügedən məsələlərin həllində maraqlı olduğunu ortaya qoyur.

Bu cür mötəbər bir platformaya ev sahibliyi etmək bütün dünyanın qəbul etdiyi böyük nüfuza sahib olmağı tələb edir. Prezident İlham Əliyevin praqmatik siyasəti, nümayiş etdirdiyi səriştə, dünyanı narahat edən məsələlərə dair ortaya qoyduğu tutarlı fikirlər, qlobal çağırışlara vaxtında reaksiya verməsi və nüfuzlu siyasətçi imici, lider kimi beynəlxalq miqyasda qazandığı etimad ölkəmizin də diskussiyalar üçün mühüm platformaya çevrilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan dövlətinin etibarlı tərəfdaş kimi qəbul edilməsi, beynəlxalq məsələlərin tənzimlənməsində oynadığı rol, beynəlxalq hüquq və prinsiplərə qarşı nümayiş etdirdiyi həssaslıq da Bakının bu müstəvidəki mövqeyini daha da gücləndirir.

Azərbaycan pandemiya dövründə peyvənd millətçiliyinə qarşı ən çox mübarizə aparan ölkələrdən biri kimi ön plana çıxıb. Məhz bu gərgin mübarizə bu gün Bakının “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumuna ev sahibliyi etməsinə haqq verib. Çünki Azərbaycanın ortaya qoyduğu təşəbbüslər və ədalət uğrunda qətiyyətli mübarizə bütün dünya tərəfindən qəbul edilib və təqdir edilib.

Beynəlxalq birlik Azərbaycan liderinin və dövlətinin pandemiyadan sonrakı dünya üçün gördüyü işlərə yüksək qiymət verir. Dövlətimizin siyasi arenada sahib olduğu yüksək etimad, etibarlı partnyor kimi dünya ölkələrinin rəğbətini qazanması, həmçinin hər zaman ləyaqətli davranışı bu qiymətin kökündə dayanan açar məqamlardır.

Bütün dünyanın diqqətinin yönəldiyi VIII Qlobal Bakı Forumu Azərbaycanın artan beynəlxalq nüfuzu, beynəlxalq məsələlərin tənzimlənməsində tutduğu yeri və rolu ortaya qoyur. Azərbaycan Respublikası bu gün sözügedən istiqamətlərdə sadəcə müşahidəçi kimi çıxış etmir. İrəli sürülən təşəbbüslər və ortaya qoyulan addımlarla problemin həllinin birbaşa iştirakçısı və bayraqdarlarından birinə çevrilir.

Beynəlxalq arenada qazanılmış bu cür yüksək etimad isə qətiyyən təsadüfi xarakter daşıya bilməz. Azərbaycan dövləti, onun lideri sadəcə öz regionu üçün deyil, ümumilikdə bəşəriyyəti maraqlandıran problemlərin həllində təşəbbüsü ələ almaqdan çəkinmir. İstənilən beynəlxalq tribunadan çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev sadəcə regional mətləblərə toxunmaqla kifayətlənmir, müasir dövrün çağırışlarına uyğun adekvat fikirlər ortaya qoyur. Azərbaycan liderinin bu cür uzaqgörən siyasəti və ortaya qoyduğu siyasi iradə dövlətimizin də beynəlxalq müzakirələrdə tamhüquqlu iştirakçı kimi mövqe tutmasına əsas verir.

Bakı Qlobal Forumu isə bir növ Azərbaycanın beynəlxalq fəaliyyətinin tribunasına çevrilməkdədir. 2013-cü ildən bu yana Azərbaycan sözügedən forum vasitəsilə qlobal miqyasda diqqət tələb edən məsələləri müzakirə masasına yatırır və həll yollarını axtarır. Dünya dövlətləri isə foruma yüksək diqqət ayırmaqla bir daha Bakının öndərlik keyfiyyətlərini qəbul etdiyini göstərir. Foruma qatılan nüfuzlu ekspertlər, ali qonaqlar və dövlət xadimləri rəsmi Bakının diqqət çəkdiyi mövzuların nə dərəcədə mühüm olduğunu, qabardılan məqamların həllinin vacibliyini ortaya qoyur.

Bu gün dünyada baş verən hadisələrə sərrast yanaşma, adekvat tədbirlərin görülməsi zamanı çeviklik nümayiş etdirilməsi, ortaq problemlərin həlli üçün fikir mübadiləsinin aparılması, müxtəlif baxış bucaqlarının ətraflı təhlili və ortaya yekun nəticənin qoyulması baxımından paytaxtımızın ev sahibliyi etdiyi forum misilsiz rol oynayır. Azərbaycan dövlətinin bu növ beynəlxalq təşəbbüslərə rəhbərlik etməsi, qlobal miqyasda həmrəylik yaratmaq səyləri, ölkəmizin bəşəriyyətin gələcəyi ilə bağlı həssaslığını ortaya qoyur. Qlobal Bakı Forumunun getdikcə artan nüfuzu isə paralel olaraq Azərbaycana bu yolda beynəlxalq dəstəyin durmadan artdığını göstərir.

Orxan Tağıyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir