Eks-nazir Soçidə keçiriləcək üçtərəfli görüşü şərh etdi

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün Soçidə keçiriləcək görüşü barədə şərh verib.

T.Zülfüqarov Oxu.Az-a açıqlamasında deyib ki, hazırda Ermənistanda gərginlik hiss edilməkdədir.

“Nəzərə alaq ki, Ermənistan noyabrın 9-na planlaşdırılan görüşdən imtina etmişdi. Bunun səbəbi həm də o idi ki, Ermənistan cəmiyyətində dərin böhran yaşanır və bu böhran gərginlik yaradır. Ermənistan cəmiyyətində, mətbuatında müxtəlif fikirlər dolaşır, belə məqamda müxalifət də aksiyalar keçirir”, – deyə T.Zülfüqarov əlavə edib.

Keçmiş xarici işlər naziri qeyd edib ki, nəticədə Nikol Paşinyan görüşün 15 gün gecikdirilməsinə nail oldu.

T.Zülfüqarovun fikrincə, Ermənistan mövqeyini Azərbaycan və Rusiyanın mövqeyindən fərqli göstərmək istəyir.

“Məhz bu fərqə görə Azərbaycan və Rusiya görüşə israrlı idi. Paşinyan isə çıxılmaz vəziyyətdə olduğunu dərk edir. Özünü sığortalamaq üçün Soçi görüşü öncəsi “Facebook” vasitəsilə canlı yayım açdı. Paşinyan açıqlamalarında özünü elə göstərdi ki, guya Azərbaycan və Rusiyaya təzyiq edir və Soçi görüşündə də eyni mövqeyi sərgiləyəcək”.

Eks-nazir Nikol Paşinyanın blef etdiyinə işarə edib.

“Ermənistanın onun üzərinə qoyulan öhdəliklərdən qaçmaq imkanları real görünmür. Çünki Ermənistanın dirəniş göstərmək üçün nə hərbi, nə siyasi, nə də geopolitik potensialı var. Baxaq görək, Soçi görüşünün nəticələri nə olacaq”, – deyə T.Zülfüqarov fikrini yekunlaşdırıb.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gedib.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir